BAKI, 22 dekabr. TELEQRAF
"TikTok" ABŞ bazarında fəaliyyətini davam etdirmək məqsədilə iri investorlarla razılaşma əldə edib.
Teleqraf xəbər verir ki, Şirkət Oracle, Silver Lake və BƏƏ-nin MGX investisiya şirkəti ilə birlikdə "TikTok US" adlı yeni birgə müəssisənin yaradılması barədə saziş imzalayıb. Bu barədə "Euronews" məlumat yayıb.
Məlumata görə, razılaşma ABŞ-də 170 milyondan çox istifadəçisi olan qısa video platforması üçün uzun illərdir davam edən hüquqi və siyasi mübahisələrdən sonra mühüm dönüş nöqtəsi hesab olunur. Xatırladaq ki, bu mübahisələr 2020-ci ilin avqustunda Donald Trampın "TikTok"u Çin mənşəyinə görə qadağan etmək cəhdlərindən sonra başlamışdı.
“The Associated Press”in əldə etdiyi daxili sənədə əsasən, razılaşmanın yanvarın 22-də tam rəsmiləşdirilməsi planlaşdırılır. "TikTok"un baş icraçı direktoru Şou Zi Çu əməkdaşlara göndərdiyi məktubda "ByteDance" və "TikTok"un investor konsorsiumu ilə hüquqi baxımdan məcburi sazişlər imzaladığını təsdiqləyib.
Yeni yaradılacaq "TikTok US" şirkətinin səhmlərinin 50 faizi Oracle, Silver Lake və MGX daxil olmaqla investor qrupuna məxsus olacaq hər biri 15 faiz pay əldə edəcək. "ByteDance"in payı 19,9 faiz, mövcud "ByteDance" investorları ilə əlaqəli qurumların payı isə 30,1 faiz təşkil edəcək. Digər investorların adları açıqlanmayıb.
Sazişə əsasən, "TikTok US"un yeddi nəfərdən ibarət yeni direktorlar şurası olacaq və üzvlərin əksəriyyəti ABŞ vətəndaşları olacaq. Şirkətin fəaliyyəti ABŞ-nin milli təhlükəsizlik tələblərinə uyğun şəkildə qurulacaq.
Bildirilib ki, amerikalı istifadəçilərin məlumatları Oracle tərəfindən idarə olunan və ABŞ ərazisində yerləşən sistemlərdə saxlanılacaq. "TikTok"un alqoritmi ABŞ istifadəçilərinin məlumatları əsasında yenidən öyrədiləcək ki, bu da məzmunun xarici təsirlərdən qorunmasını təmin etməlidir. Eyni zamanda, məzmunun moderasiyası və platforma siyasəti ABŞ daxilində ayrıca nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ və Çin rəsmiləri "TikTok"un ABŞ-də fəaliyyətinin yerli nəzarət altına verilməsi ilə bağlı çərçivə razılaşmasının əldə olunduğunu bildirmişdilər.