BAKI, 22 dekabr. TELEQRAF

Maliyyəçi Ceffri Epşteynin qurbanlarından birinin bacısı Maria Farmer hələ 1996-cı ildə onun cinayətləri ilə bağlı ABŞ Federal Təhqiqat Bürosuna (FTB) müraciət edib, lakin bu məlumat illərlə araşdırılmadan qalıb.

Teleqraf xəbər verir ki, bu barədə açıqlama Epşteyn işi ilə bağlı yeni açıqlanan sənədlərdə yer alıb.

Sənədlərə əsasən, Epşteyn üçün çalışan rəssam Maria Farmer 1996-cı ildə hüquq-mühafizə orqanlarına müraciət edərək, Epşteynin onun azyaşlı bacılarına aid çılpaq fotoları oğurladığını və satmağa cəhd etdiyini bildirib. Farmerin bacısı Enninin Epşteyn və onunla əlbir olan Gisleyn Maksvell tərəfindən 16 yaşında olarkən cinsi istismara məruz qaldığı daha sonra məhkəmədə təsdiqlənib.

Sənədlərdə qeyd olunur ki, Maria Farmer Epşteynin onu hədələdiyini, şikayət edəcəyi təqdirdə evini yandıracağını dediyini də bildirib.

"The New York Times" yazır ki, FTB bu müraciəti heç vaxt rəsmi şəkildə tanımayıb və ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı daxili araşdırmasında da bu hesabatdan bəhs olunmayıb.

Maria Farmerin vəkili Cennifer Friman bildirib ki, bu sənədin ictimailəşdirilməsi həm “qələbə”, həm də “faciə”dir:
“Əgər hökumət 1996-cı ildə öz işini düzgün görsəydi, yüzlərlə, hətta minlərlə qurban xilas edilə bilərdi”.

Qeyd edək ki, Epşteyn yalnız 2000-ci illərin ortalarında azyaşlılara qarşı cinsi istismar ittihamları ilə üzləşib. 2019-cu ildə həbs edilən Epşteyn həmin il həbsxanada ölü tapılıb.

Məsələ ABŞ-də hüquq-mühafizə orqanlarının Epşteyn işi ilə bağlı fəaliyyətsizliyi və mümkün himayə iddialarını yenidən gündəmə gətirib.