BAKI, 17 avqust. TELEQRAF
“İsrailin İbrahim sazişləri, Davud dəhlizi, Qəzza zolağı, Livan, Suriya və İrandakı əməliyyatları bizə çox mühüm mesajlar verir. Fərat və Nil çayları arasındakı ərazini “Vəd edilmiş torpaqlar” elan edən İsrail bu sərhədi Nildən İranın İsfahan şəhərinədək genişləndirib. Bu o deməkdir ki, dayanmayacaqlar”.
Teleqraf xəbər verir ki, bunu “Suriya Demokratik Qüvvələri”nin (SDQ) Kobanidəki qüvvələrinin komandiri Mahmud Bərxudan deyib.
“Sözügedən coğrafiyalarda ərəb və türkmənlərlə yanaşı, kürdlər də yaşayır. Fələstin, Qəzza və Livanda baş verənlərə canlı şəkildə şahid oluruq. İsrailin dini-siyasi və hərbi məqsədləri kürdlər baxımından da böyük təhdiddir.
Məhz bu səbəbdən Prezident Ərdoğan və MHP lideri Baxçalının başlatdığı “Terrorsuz bölgə” prosesini məntiqli hesab edirik. Qarşıdakı bir neçə gün ərzində hər birimiz Suriya ordusunun əsgəri olacağıq. Qolan-Quneytra-Dəra xəttində İsrail işğalı və təhdidi davam edir. Dəməşq bizə həmin xətdə tapşırıq versə, məmnuniyyətlə gedərik və orada yerləşərik. Müharibə vəziyyəti yaranarsa, vətənimiz uğrunda döyüşməkdən çəkinmərik”, - o bildirib.
Xatırladaq ki, bundan əvvəl mediada İsrail ordusunun Suriya ilə müharibəyə başlaya biləcəyi ilə bağlı məlumat yayılıb.