BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranda hakimiyyəti güc yolu ilə dəyişdirmək məqsədi daşımadığını bildirib.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “New York Post” nəşrinə müsahibəsində danışıb.
“Sadəcə, onların nüvə silahına malik olmasını istəmirəm. Mən heç vaxt rejim dəyişikliyinin nə tərəfdarı, nə də əleyhdarı olmuşam. Bu, mənim üçün meyar olmayıb”, – Tramp deyib.
İsrailin İranda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətinə münasibət bildirən ABŞ Prezidenti bunun mümkün ola biləcəyini, lakin özünün belə bir məqsəd güdmədiyini vurğulayıb.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrda Trampla İrana qarşı birgə atılacaq növbəti addımları müzakirə etdiyini açıqlamışdı. Netanyahu Tehranda hakimiyyət dəyişikliyini əsas vəzifə adlandırmışdı.
Tramp isə noyabrın 22-də “Fox News” telekanalına açıqlamasında Vaşinqtonla Tehran arasında münaqişənin dayandırılması ilə bağlı dolayı danışıqların davam etdiyini bildirib.
ABŞ lideri İranla razılaşma əldə olunmayacağı təqdirdə Yeni ildən sonra bu ölkəyə zərbələrin bərpasına meyilli olduğunu da qeyd edib.