BAKI, 25 noyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində federal məhkəmənin andlı iclasçıları Çinin telekommunikasiya avadanlığı istehsalçısı “Huawei” şirkətini 12 cinayət ittihamından 10-u üzrə təqsirli biliblər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Şirkət bank və elektron rabitə vasitəsilə dələduzluqda, ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda, eləcə də Amerika şirkətlərinin kommersiya sirlərini oğurlamaq məqsədilə əlbir olmaqda təqsirli bilinib.
Bununla yanaşı, andlı iclasçılar şirkətə qarşı irəli sürülən mütəşəkkil cinayətkar fəaliyyət və ədalət mühakiməsinə mane olmaq məqsədilə əlbir olma ittihamları üzrə bəraət hökmü çıxarıblar.
İki aydan çox davam edən məhkəmə prosesində ittiham tərəfinin 60-dan çox, müdafiə tərəfinin isə 15 şahidi dindirilib.
Şirkətə tətbiq ediləcək cəzanın 2027-ci il sentyabrın 14-də açıqlanması nəzərdə tutulur.
“Huawei”nin vəkili Brayan Heberliq məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Qeyd edək ki, “Huawei”yə qarşı cinayət işi 2018-ci ildə başlanıb. 2019-cu ildə ABŞ milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək şirkəti ticarət üzrə qara siyahıya daxil edib və onun Amerika texnologiyalarına çıxışını məhdudlaşdırıb.
Hazırda “Huawei”nin 200 mindən çox əməkdaşı var və şirkət dünyanın təxminən 170 ölkəsində fəaliyyət göstərir.