BAKI, 23 noyabr. TELEQRAF
İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxması ilə bağlı qərar hələ də ölkənin Xarici İşlər Nazirliyinə çatdırılmayıb, Tehran müqavilənin iştirakçısı kimi qaldığı müddətdə üzərinə götürdüyü öhdəliklərə əməl edir.
Teleqraf xəbər verir ki, bunu İran Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Suаlın son hissəsinə aydın cavabım budur: xeyr, bu məsələ ilə bağlı qərar hələ bizə çatdırılmayıb. Amma həm mediada, həm ekspert dairələrində, həm də sadə insanlar arasında gedən müzakirələrdən xəbərdarıq”, - o deyib.
Bəqayinin sözlərinə görə, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olaraq qalıb-qalmaması ilə bağlı müzakirələr davam edir və Xarici İşlər Nazirliyi bu müzakirələrə hörmətlə yanaşır.
O vurğulayıb ki, hazırda İran müqavilənin iştirakçısıdır və sənəddə nəzərdə tutulmuş öhdəliklərə sadiqdir.