BAKI, 25 noyabr. TELEQRAF

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markla qarşı uşaqların cinsi istismarını əks etdirən materialları saxlamaq ittihamı irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS ittiham aktına istinadən məlumat yayıb.

Sənədə əsasən, Tomas Markl ABŞ qanunvericiliyinin müvafiq maddəsini pozmaqda ittiham olunur. Ona qarşı yetkinlik yaşına çatmayanların cinsi istismarını əks etdirən fotoneqativləri qəsdən saxlamaqla bağlı iki epizod üzrə ittiham irəli sürülüb.

Bildirilir ki, istintaq şahidlərin köməyi ilə bəzi görüntülərdə təqsirləndirilən şəxsi müəyyənləşdirib.

“Reuters” agentliyinin məlumatına görə, Tomas Marklın psixiatrik ekspertizasının nəticələri onun məhkəmə prosesində iştirak etmək qabiliyyətinə malik olduğunu göstərib.

Xatırladaq ki, noyabrın 6-da 82 yaşlı Tomas Marklın sözügedən cinayət işi üzrə saxlanıldığı barədə məlumat yayılmışdı. Daha sonra o, məhkəmə iclaslarında iştirak etmək öhdəliyi ilə sərbəst buraxılmışdı.

“Daily Mail” nəşrinin məlumatına görə, Sasseks hersoginyası Meqan Markl bir neçə ildir atası ilə əlaqə saxlamır.