BAKI, 23 noyabr. TELEQRAF
“İran sərhədlərinin yaxınlığında istənilən xarici hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğu qəbuledilməzdir və Ermənistan tərəfi bununla bağlı Tehrana lazımi təminatlar verib”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İran sərhədlərinin yaxınlığında istənilən hərbi və ya təhlükəsizlik qüvvəsinin mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Ermənistan tərəfi bizə lazımi təminatlar verib”, - o, brifinq zamanı “Tramp marşrutu”nun yaradılması ehtimalını şərh edərkən bildirib.
Bəqayinin sözlərinə görə, İranın Ermənistanla münasibətləri çox yaxşıdır və iki ölkə arasında qarşılıqlı etimad formalaşıb: “Bununla belə, Tehran üçüncü tərəflərə etibar etmir və hadisələrin inkişafını diqqətlə izləyəcək”.
İsmayıl Bəqayi noyabrın 9-da da bəyan etmişdi ki, İrəvan Tehrana sərhədyanı bölgədən keçəcək “Tramp marşrutu”nun sərhədlərin dəyişdirilməsinə səbəb olmayacağına və həmin ərazidə ABŞ hərbçilərinin yerləşdirilməyəcəyinə dair təminat verib.