BAKI, 24 noyabr. TELEQRAF

“Qətər hazırda ABŞ və İran arasında təmasları davam etdirir. Danışıqların gündəliyinə Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi məsələsi də daxil edilib”.

Teleqraf xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Danışıqlar barədə KİV-də yayılan məlumatları şərh etmirik. Amma təsdiq edə bilərəm ki, Qətər hazırda danışıqlar prosesində iştirak edir və bütün tərəflərlə səylərimizi davam etdiririk”, - o, İranın dialoq üçün ilkin şərtlər irəli sürməsi ilə bağlı suala cavab olaraq deyib.

Diplomat vurğulayıb ki, gəmiçilik təhlükəsizliyi məsələsi danışıqlar prosesinin tərkib hissəsidir:

“Əlbəttə, bu məsələ vasitəçilik çərçivəsinə daxildir. Artıq açıq şəkildə bəyan etmişik ki, hərtərəfli razılaşmanın əldə olunmasına şərait yaratmaq üçün, ilk növbədə, Hörmüz boğazında gəmiçilik azadlığını bərpa etmək, danışıqlar masasına qayıtmaq və bütün tərəflərin təhlükəsizlik sahəsində narahatlıqlarını müzakirə etmək lazımdır”.