BAKI, 24 noyabr. TELEQRAF
Ər-Riyadın maliyyə rayonunda yerləşən göydələnlərdən biri hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
O, X sosial şəbəkəsində yazıb: “Maliyyə mərkəzinin qüllələrindən biri qorxaq terror hücumuna məruz qalıb”.
Koalisiya nümayəndəsinin sözlərinə görə, hadisə yerində müvafiq qurumlar fəaliyyət göstərir.
Öz növbəsində, “Agence France-Presse” (AFP) Ər-Riyadın ən hündür göydələninə, Səudiyyə Ərəbistanının Suveren Dövlət Fondunun (PIF) yerləşdiyi binaya zərbə endirildiyini bildirib.
Xatırladaq ki, noyabrın 19-da həmin göydələn Yəməndə fəaliyyət göstərən “Ənsarallah” (husilər) terror təşkilatı tərəfindən hücuma məruz qalmışdı. Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsinin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb.