BAKI, 25 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun danışıqlar üçün birlikdə Moskvaya səfər etmək təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Zelenski noyabrın 24-də jurnalistlərə açıqlamasında bu təşəbbüsü qeyri-ciddi adlandırıb və alternativ təklif irəli sürüb.

“Qoy Lukaşenko Putini də götürüb Kiyevə gəlsin. Biz onların təhlükəsizliyinə zəmanət verərik”, – Ukrayna lideri bildirib.

Qeyd edək ki, Lukaşenko bundan əvvəl Fransanın “Le Point” jurnalına müsahibəsində Zelenski ilə birlikdə Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

Belarus lideri Ukrayna Prezidentinin təhlükəsizliyinə zəmanət verə biləcəyini və üçtərəfli formatda müharibənin dayandırılması barədə daha tez razılığa gəlməyin mümkün olduğunu bildirib.