BAKI, 24 noyabr. TELEQRAF
“Vaşinqtonda İranın ram edilməsinin müxtəlif variantları üzərində planlar hazırlanır. Ancaq hələlik nəticə yoxdur. Əksinə, Hörmüz boğazında raket və dronlarla vurulan, minalarla partladılan tankerlərin sayı azalmır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Trampın “Hörmüz boğazı nəzarətimizdədir” açıqlaması da həqiqəti əks etdirmir:
“Digər tərəfdən, İranın ballistik raket istehsalını yenidən genişləndirməsi də Vaşinqtonu narahat edir. İranın əvvəlki illərdəki kimi uranı zənginləşdirib-zənginləşdirməsilə bağlı dəqiq məlumat olmasa da, bu ölkənin mühafizəkarları son zamanlar Tehranın nüvə silahına malik olmasının əhəmiyyəti barədə açıqlamalar verirlər.
ABŞ-nin BMT-də keçmiş səfiri Nikki Heyli “Fox News” telekanalına müsahibəsində İrana təzyiqin yollarından birini göstərib. Onun sözlərinə görə, Donald Tramp administrasiyası Çin və Honq-Konqda fəaliyyət göstərən kölgə bankçılıq şəbəkəsini hədəfə almaqla, İranın maliyyə mənbələrini məhdudlaşdırmağa nail ola bilər. Keçmiş səfir bu yolla İranın zəifləyəcəyini və bu halda müharibəyə ehtiyac olmayacağı qənaətindədir. Nikki Heyli hesab edir ki, İranın neft və pul axını Çin bankları vasitəsilə həyata keçirilir və bu maşrutu bağlamaqla İranın müharibəsiz məğlub ola biləcəyini söyləyib”.
Elxan Şahinoğlu da hesab edir ki, Çinin dəstəyi olmadan İrandakı rejimin vəziyyəti ağırlaşacaq:
“Tehran Çinə satdığı neftin hesabına ballistik raket istehsalını və bölgədəki proksi qüvvələrini dəstəkləyə bilir. Pekinin isə Tehranla əməkdaşlıqdan imtina etmək fikri yoxdur. Donald Tramp Çin Sədri Si Cinpinlə son görüşündən sonra belə bir bəyanat vermişdi ki, çinli tərəfdaşı da onun kimi Hörmüz boğazının açılmasını istəyir və İranın nüvə silahı əldə etməsinin əleyhinədir. Si Cinpinin belə bir mövqe sərgilməsinə baxmayaraq, Pekin ABŞ-nin İrandakı rejimin məğlubiyyətə uğradılmasına da imkan vermək istəmir. Buna görə də, Çin İrandan neft alır, bu ölkəyə raket və dron istehsalı üçün çiplər göndərir.
Nikki Heyli isə hesab edir ki, ABŞ Maliyyə Nazirliyi qətiyyətli addımlar atarsa, Çin İranla əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalacaq. Sabiq səfirə görə, Çin İran naminə ABŞ-nin bank sisteminə çıxış imkanını itirmək istəməz: “Çinin bizə ehtiyacı İrana olan ehtiyacından daha çoxdur. Bizim təzyiq rıçaqlarımız var, onlardan istifadə edin, qərar verin və bu müharibəyə son qoyun”.
Məsələ bu qədər sadə deyil. Tramp administrasiyası İran məsələsində Pekinə təzyiq etmək istəsə də, nəticə olmayıb.
Si Cinpin hakimiyyətə gəldikdən sonra Çinin xarici siyasəti daha fəal və genişmiqyaslı xarakter alıb. 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürən Si Cinpin bu çərçivədə xeyli ölkəyə səfər edib. Bu səfərlər və layihənin məqsədi Çinin bölgədə iqtisadi-siyasi təsir imkanlarını artırmaqdır. Pekin Cənubi Çin dənizində də hərbi-dəniz qüvvələrini və hərbi baza şəbəkəsini sürətlə genişləndirir. Vaşinqtonun planı isə Avrasiya bölgəsində Çinin gücünü zəiflətməkdir. Vaşinqtonun İranı ram etməsi səbəblərindən biri də budur”.