BAKI, 23 noyabr. TELEQRAF

Liviyanın Benqazi şəhərinin sahillərində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkuri” korveti dron hücumuna məruz qalıb. Gəmidə olan bir neçə liviyalı və rusiyalı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Nəşrin məlumatına görə, gəmi istiqamətində üç dron atılıb, nəticədə partlayış baş verib və qısa müddət ərzində yanğın başlayıb.

Yerli mənbələrin məlumatına görə, bir neçə Liviya və Rusiya vətəndaşı həlak olub. Gəmi Benqazinin mülki dəniz limanında, hərbi-dəniz bazasının yaxınlığında lövbər salmışdı.

Qeyd edilib ki, gəminin göyərtəsində silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatları olub.

Peyk görüntülərində gəminin demək olar, tamamilə çevrilərək batdığı, suyun üzərində yalnız burun hissəsinin qaldığı görünür.

“The Guardian” nəşri yazıb ki, Ukraynanın Benqazidə Rusiya hərbi gəmisini məhv etməyi və ya ona ciddi zərər vurmağı bacardığı təsdiqlənərsə, bu, müharibə başlayandan bəri həyata keçirilmiş ən uğurlu dəniz hücumlarından biri olacaq.

Ukrayna xüsusi təyinatlı qüvvələrinin kiçik bölməsi Liviyanın qərbində yerləşən Misrata şəhərində fəaliyyət göstərir. Ehtimal olunur ki, məhz bu bölmə son bir il ərzində Rusiya tankerlərinə və yük gəmilərinə qarşı dron hücumlarını koordinasiya edib.