BAKI, 25 noyabr. TELEQRAF

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Liviyanın ərazi sularında Rusiyaya məxsus hərbi və yük gəmilərinə edilən hücumun qanuni özünümüdafiə aktı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sibiqanın sözlərinə görə, Rusiyanın hərbi gəmiləri və hərbi təyinatlı yüklər daşıyan mülki gəmiləri Ukrayna üçün qanuni hədəflərdir. Nazir ölkəsinin özünümüdafiə hüququnun BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunduğunu vurğulayıb.

“Ukrayna Liviyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Hərəkətlərimiz Rusiyanın silahlı təcavüzünə qarşı yönəlib və Liviyaya, yaxud onun xalqına zərər vurmaq məqsədi daşımır”, – Sibiqa qeyd edib.

Bundan əvvəl Liviyanın Tripolidə yerləşən Milli Birlik Hökuməti Benqazi limanında Rusiyanın “Merkuri” hərbi korvetinin batırılması ilə nəticələnən Ukrayna əməliyyatını pisləyib. Hökumət ölkənin Rusiya-Ukrayna münaqişəsinə cəlb olunmasına imkan verməyəcəyini açıqlayıb.

Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusunun Baş Komandanlığı isə hücum nəticəsində iki hərbçisinin həlak olduğunu bildirib və hadisəyə münasib vaxtda və yerdə cavab veriləcəyini bəyan edib.

Liviyanın şərqində fəaliyyət göstərən hökumət Ukraynanın ölkə ərazisində hərbi mütəxəssislər yerləşdirməsi ilə bağlı iddiaların araşdırılması üçün BMT-yə müraciət edib.

Rusiyanın müdafiə naziri hələlik hücumla bağlı açıqlama verməyib.

Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya körfəzinin beynəlxalq sularında Rusiyaya məxsus “Sparta II” yük gəmisinə hücumun da Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib. O, gəminin silah daşıdığını iddia edib.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, zədələnmiş gəmi Sankt-Peterburq limanına gətirilib.