BAKI, 25 noyabr. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün 48 raketin tədarükünü hələ də təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

“Patriot” hava hücumundan müdafiə sistemlərinə gəlincə, müvafiq məktub ABŞ-dədir. 48 raketin tədarükünə dair konkret müqavilə var. Təəssüf ki, Heqset hələ sənədi imzalamayıb. Hər şey yalnız ondan asılıdır. Biz 50-yə yaxın raket gözləyirik. Əgər 60 raket vermək istəyirlərsə, buna ancaq sevinərik”, – Zelenski qeyd edib.

Bundan əvvəl “Financial Times” nəşri mənbələrə istinadən Pentaqonun Ukraynaya 60 raketin tədarükünü gecikdirdiyini yazıb.

Qeyd edək ki, Kiyev dəfələrlə hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığından şikayətlənib. Oktyabrın 15-də CNN telekanalı Ukraynanın “Patriot” sistemləri üçün raket ehtiyatının tamamilə tükəndiyini bildirib.

Zelenski daha əvvəl də Avropa ölkələrinin vəsaiti hesabına PURL proqramı çərçivəsində alınan “Patriot” və NASAMS sistemləri üçün raketlərin tədarükünün bir ay gecikdirilməsində Pentaqon rəhbərini ittiham etmişdi.