BAKI, 25 noyabr. TELEQRAF
İsrail Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası yeni hökumətin formalaşdırılması istiqamətində ilk koalisiya razılaşmasını əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Ayzenkot sağçı “Evimiz İsrail” partiyasının lideri Aviqdor Libermanla görüşüb. Tərəflər koalisiya sazişinin imzalanması barədə razılığa gəliblər.
Bu, oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra əldə olunan ilk koalisiya razılaşmasıdır.
İsrail Prezidenti İsxak Hersoq hökumətin formalaşdırılmasını Ayzenkota həvalə edib. Benyamin Netanyahu isə baş nazir vəzifəsini müvəqqəti icra etməkdə davam edir.
Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının sağçı və ultraortodoks partiyalarla yaratdığı blok 120 yerlik Knessetdə 53 mandata sahibdir. Ayzenkotun potensial koalisiyasının isə 48 mandatı var. İsrailin ərəb azlığını təmsil edən partiyalar parlamentdə 19 yerə malikdir.
Ayzenkot dekabrın 6-dək yeni hökuməti formalaşdırmalıdır. Bununla belə, o, müddətin daha 14 gün uzadılmasını istəyə bilər. Ayzenkot hökuməti formalaşdıra bilməsə, bu imkan Netanyahuya veriləcək.
Heç bir namizəd hökuməti formalaşdıra bilməyəcəyi təqdirdə, 2027-ci ildə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bununla yanaşı, milli birlik hökumətinin yaradılması ilə bağlı Ayzenkot və “Likud” arasında danışıqlar davam edir.
Parlamentdə 8 mandat qazanan, Yair Qolanın rəhbərlik etdiyi solçu “Demokratlar” partiyası isə Ayzenkotun “Likud”la danışıqlarında irəliləyiş əldə olunması səbəbindən onunla koalisiya danışıqlarını dayandırdığını açıqlayıb.