BAKI, 12 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir orduya “yüksək hazırlıq vəziyyətinə” keçmək və İranla mümkün hərbi qarşıdurmanın bərpasına hazırlaşmaq barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ynet xəbər saytı məlumat yayıb.

Məlumata görə, bu qərar ABŞ və İran arasında aparılan danışıqların iflasa uğraması fonunda qəbul edilib.

Hərbi mənbələrə istinadən bildirilir ki, İsrail ordusunda “döyüş hazırlığı proseduru” işə salınıb və bütün bölmələrə yüksək hazırlıq səviyyəsini qorumaq tapşırılıb.

Qeyd edək ki, ötən həftə Cənubi Livana səfəri zamanı Eyal Zamir İsrail ordusunun zərurət yaranacağı təqdirdə İran istiqamətində “tam gücü ilə” yenidən döyüş əməliyyatlarına başlamağa hazır olduğunu bəyan etmişdi.