BAKI, 6 sentyabr. TELEQRAF

“Rəhbərlik səviyyəsində “Sabah”ın və ya başqa klubların Avropadakı uğuruna görə təbrik hər zaman olunur. Baxın, biz rəhbərlər olaraq onsuz da dostuq. Kiminləsə düşmən deyilik, hər kəslə yaxşı münasibətlərimiz var”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.

C.Sümer “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsindən sonra “Neftçi”nin sosial şəbəkə hesabında təbrik paylaşımı etməməsi barədə tənqidlərə münasibət bildirib. O, bunun səbəbini belə izah edib:
“Kommunikasiya planı daxilində bunu etdik. Nəticədə “Sabah” ilk dəfə Çempionlar Liqasında, ilk cəhdində - yəni çempion olduğu ilk mövsümün ardından bu mərhələyə adladığı üçün “Neftçi” olaraq təbrikimizi etdik”.

“Neftçi” rəsmisi rəhbərlik olaraq digər klublarla yaxşı münasibətdən və onların uğurlarına sevindiklərini qeyd edib:
“Birincisi, “Sabah”ın Çempionlar Liqasının qrup mərhələsində oynamasından qürur duyuruq. Bir azərbaycanlı olaraq hər birimiz qürurluyuq, çünki komanda orada ölkəmizi təmsil edir.

Biz “Neftçi” olaraq ölkə futbolunun ən köklü, ən qədim kulubu kimi öz vəzifəmizi və tutduğumuz mövqeyi çox yaxşı bilirik. Digər komandaların da yüksələn səviyyədə bizimlə bərabər çempionatlarda olmasının, təkcə Premyer Liqa deyil, Birinci Liqanın da hər zaman hazır, dinamikası yüksək komandalarla mübarizə aparmasının uğuru kollektiv şəkildə gətirəcəyinə inanırıq. Çempion bir komanda olacaq, kuboku bir komanda qazanacaq. Amma nəticə etibarilə o mübarizənin içərisində “Neftçi” olmalıdır.
Bəli, bir neçə ildir geridə qaldıq. Azarkeşlərimizi üzdük, özümüz də üzüldük. Amma biz bir inkişaf planı çərçivəsinə daxil olmuşuq. Bazamızdan tutmuş stadionumuza qədər bir çox sahədə inkişaf etdik, transfer siyasətini təkminləşdirdik. Nəticə etibarilə daha keyfiyyətli oyunçuları bura gətirdik. Mövsümün ilk oyunundan öncə mənim mətbuata müsahibəm oldu və orada da bunu izah etdim. Bunun həm elmi, həm texniki tərəfini, həm də bazar araşdırmasını doğru apararaq komandamızı qüvvətləndirəcək bütöv bir çalışma çərçivəsindəyik. Bu mövzu ilə əlaqədar hər gün çalışmaya, axtarışlarımıza və araşdırmalarımıza davam edirik, edəcəyik”.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının liqa mərhələsində 10 sentyabrda səfərdə "Mançester Yunayted", 13 oktyabrda evdə "Slaviya", 20 oktyabrda evdə "Borussiya Dortmund", 4 noyabrda səfərdə "Vikinq", 25 noyabrda evdə "Barselona", 8 dekabrda səfərdə "Vilyarreal", 20 yanvarda evdə "Napoli" və 27 yanvarda isə səfərdə "Arsenal" ilə qarşılaşacaq.