BAKI, 6 sentyabr. TELEQRAF
Türkiyə təmsilçisi “Qalatasaray" yay transfer pəncərəsində braziliyalı futbolçu Qabriel Sara üçün Avropa klublarından gələn təxminən 20 milyon avro civarındakı rəsmi təklifləri geri çevirib.
Teleqraf “Sabah” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün istədiyi məbləğ təklif olunmadığı üçün transferə icazə verməyib.
Belə ki, Premyer Liqada oynamaq arzusunda olan ulduz futbolçu ilə İngiltərənin "Fulhem", "Aston Villa", "Nyukasl Yunayted" klubları ilə yanaşı, İtaliyanın "Napoli" komandası da yaxından maraqlanıb. Lakin "sarı-qırmızılı" rəhbərlik Sara üçün minimum 30 milyon avro təzminat qiyməti müəyyənləşdirdiyindən, 20 milyonluq təklifləri kifayət hesab etməyib və braziliyalı oyunçunu komandada saxlamaq qərarına gəlib.
Qeyd edək ki, Qabriel Sara mövsümün ilk 4 oyununda 2 qol və 2 məhsuldar ötürməlik performansı ilə diqqət mərkəzinə düşüb.