BAKI, 12 aprel. TELEQRAF

Hörmüz boğazından Fars körfəzi istiqamətinə keçməyə cəhd edən iki boş supertanker ABŞ və İran arasındakı danışıqların uğursuzluqla başa çatması fonunda son anda geri dönüb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, ötən gün İranın Larek adası yaxınlığına üç tanker daxil olub. Onlardan ikisi — Yunanıstan şirkətinə məxsus olan və İraqa istiqamətlənən gəmi, habelə Pakistan bayrağı altında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedən digər tanker keçiddən imtina edərək geri dönüb.

Agentlik vurğulayır ki, gəmilərin marşrutundakı bu qəfil dəyişiklik Pakistanın paytaxtı İslamabadda keçirilən ABŞ-İran müzakirələrinin razılaşmasız bitməsi xəbəri ilə eyni vaxta təsadüf edib. Bildirilir ki, bu vəziyyət ABŞ, İsrail və İran arasındakı kövrək atəşkəs rejimini ciddi təhlükə altına qoyub.

Buna baxmayaraq, ərazidə olan üçüncü gəmi Fars körfəzi istiqamətində hərəkətini davam etdirərək boğazı keçib. Təyinat nöqtəsi açıqlanmayan həmin tankerin Cənubi Koreyanın "Sinokor Maritime" operatoru tərəfindən idarə olunan "Haut Brion 8 SA" şirkətinə məxsus olduğu qeyd edilir.