BAKI, 28 mart. TELEQRAF
İsrail qoşunları Livan–İsrail sərhədində yerləşən 120 kilometrlik xətt boyunca bir neçə istiqamətdə Livan ərazisinin dərinliklərinə doğru irəliləyib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, qüvvələr qərb, mərkəzi və şərq sektorları üzrə bəzi bölgələrdə ölkə daxilinə bir neçə kilometr irəliləyiblər.
Livanın Hizbollah hərəkatının isə müqavimət göstərdiyi açıqlanıb. İsrail mediası səhər saatlarında ciddi təhlükəsizlik insidenti barədə məlumat yayıb. İsrailin şimalına - xəstəxanalara doğru helikopterlərin uçuşu müşahidə edildiyi bildirilir.
İsrail tərəfi hələlik məlumatı təsdiqləməsə də, ordu davam edən əməliyyatlar fonunda dörd hərbçinin öldürüldüyünü açıqlayıb. Hizbollah isə Livan ərazisində yerləşən Taybeh şəhərində İsrail hərbçilərinə pusqu qurulduğunu bəyan edib.