BAKI, 6 sentyabr. TELEQRAF
Türkiyədə iyunun 1-dən sentyabrın 6-dək 27 vilayətdə baş verən 103 meşə yanğını ilə bağlı araşdırmalarda 70 şübhəli müəyyən edilib, onlardan 16-sı həbs olunub.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek “NSosyal” hesabında bildirib.
Nazirin sözlərinə görə, avqustun 30-dan sentyabrın 6-dək baş verən 9 yeni meşə yanğını ilə bağlı 2 şübhəli müəyyən edilib. Onlardan biri həbs olunub, digəri barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.
A.Gürlek bildirib ki, iyunun 1-dən bu günədək müəyyən edilən 70 şübhəlidən 16-sı həbs olunub, 32-si barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilib, 2 nəfər barəsində isə axtarış qərarı çıxarılıb.
“Meşələrimizin yanmasına səbəb olan heç kimin etdiyi yanına qalmayacaq. Meşə yanğınlarına qarşı hüquqi mübarizəmizi güzəştsiz davam etdirəcəyik”, - nazir bildirib.