BAKI, 6 sentyabr. TELEQRAF

Hörmüz boğazından neft daşımalarının həcmi hazırda sutkada 9 milyon bareldən çox təşkil edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt CNN telekanalına açıqlamasında bildirib.

“Hazırda Hörmüz boğazından keçən neftin həcmi orta hesabla sutkada 9 milyon bareli ötür. Boğazdan yan keçən boru kəmərləri də nəzərə alınarsa, ümumi həcm münaqişədən əvvəlki səviyyənin üçdə ikisinə çatır”, - K.Rayt deyib.

ABŞ-nin energetika naziri iddia edib ki, İranın müqavimətinə baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı uğrunda mübarizədə “qalib gəlir”.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozduğunu bildirərək ölkəyə genişmiqyaslı zərbələri yenidən bərpa edib.