BAKI, 15 yanvar. TELEQRAF

İranın paytaxtı Tehranda etirazlar zamanı Təbrizin “Traktor” futbol klubunun keçmiş oyunçusu Müctəba Tərşizin öldürülməsinin detalları məlum olub.

Teleqraf xəbər verir ki, Tərşizin öldürülməsi onun həyat yoldaşı Arzu Mədənini güllələnmədən qorumağa çalışdığı an baş verib.

Keçmiş futbolçu atəş zamanı bədənini həyat yoldaşı üçün sipər edərək həyatını itirib.

Tərşiz Arzu və qaynı ilə birlikdə Tehranın Andişə qəsəbəsində keçirilən etirazlarda iştirak edib. Onlar İranın təhlükəsizlik qüvvələri tərəfindən bir küçənin dalanında mühasirəyə alınıb və atəşə tutulublar.

İran hərbçiləri Arzunu hədəfə alıblar, amma Tərşiz həyat yoldaşını qorumaq üçün onun önünə keçib. Birbaşa açılan atəş nəticəsində həlak olub, güllə onun ağciyərini deşib. Atəşdən bir neçə dəqiqə sonra həyat yoldaşının qucağında vəfat edib.

Hadisə zamanı iranlı hərbçilər Arzunu da yaralayıblar, qardaşının başına isə bir neçə dəfə atəş açılıb.

Xatırladaq ki, Müctəba Tərşizin öldürülməsi ilə bağlı məlumat yanvarın 14-də yayılmışdı.