BAKI, 5 noyabr. TELEQRAF

“Ənsarallah” Hərəkatı (husilər) Səudiyyə Ərəbistanı ilə münaqişənin dayandırılmasına dair danışıqlarda 51 milyard dollar təzminat ödənilməsini və Yəmənin hakim qüvvəsi kimi tanınmalarını tələb ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Danışıqlardan xəbərdar olan mənbələrin sözlərinə görə, husilər bu məbləği “Səudiyyə Ərəbistanının uzun illər ərzində həyata keçirdiyi hava hücumlarına və Yəmənin uzunmüddətli blokadaya alınmasına görə təzminat” kimi təqdim ediblər.

Nəşr qeyd edib ki, danışıqların sonrakı mərhələlərində başqa rəqəmlər də səsləndirilsə də, mümkün razılaşmanın dəyəri hələ də on milyardlarla dollar həcmində qiymətləndirilir.

Danışıqlar husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarından və Bab-əl-Məndəb boğazına nəzarət edən strateji əraziləri ələ keçirmələrindən sonra aparılıb.

“Wall Street Journal” həmçinin yazıb ki, ABŞ və ya İsrailin İrana qarşı yeni hücumlar həyata keçirməsi ehtimalı regionda münaqişənin genişlənməsi ilə bağlı narahatlıqları artırıb. Qeyd edilib ki, belə bir vəziyyət Tehranın husiləri regional hücumları intensivləşdirməyə təşviq etməsinə səbəb ola bilər.