BAKI, 3 noyabr. TELEQRAF
İran Ali rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə yeni mümkün müharibə zamanı Silahlı Qüvvələrə hücumun coğrafiyasını genişləndirmək barədə əmr verib.
Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, yeni müharibə baş verəcəyi təqdirdə, Böyük Britaniya, İtaliya, Yunanıstan, Rumıniya və Kipr də daxil olmaqla, ABŞ və NATO-nun Avropadakı hərbi və digər obyektləri İranın raketlərinin hədəfinə çevrilə bilər.
“Keyhan” Müctəba Xameneinin orduya hərbi cavabın “coğrafi məhdudiyyət olmadan” verilməsi barədə göstərişinə istinadla qeyd edib ki, mümkün hədəflər dairəsi artıq Yaxın Şərqdəki ABŞ bazaları ilə məhdudlaşmır və “Avropanın ürəyi”nə qədər genişlənəcək:
“İran İslam Respublikasının raketləri 4-5 min kilometr məsafədə yerləşən NATO bazalarını vurmaq imkanına malikdir. Əgər təcavüzkarlar diplomatik həll yolunu və İranın şərtlərinin qəbulunu seçməsələr, döyüşlərin coğrafiyası Avropanın ürəyinə və regiondan kənardakı hərbi bazaların dərinliklərinə qədər genişlənəcək. Bu dəfə cavab atəşi hegemoniyanın bütün hesablamalarını külə çevirəcək”.