BAKI, 3 noyabr. TELEQRAF

Afinada Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə gizli görüş keçirən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın açıq şəkildə Ankaranın qırmızı xətlərini qarşı tərəfə çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın “Estia” qəzeti mənbələrə istinadla məlumat yayıb.

İbrahim Kalın bir neçə ay əvvəl Afinada Yunanıstan Milli Kəşfiyyat Xidmətinin (EYP) rəisi Femistoklis Demiris ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunub, mövcud problemlərin həlli istiqamətində atıla biləcək addımlar dəyərləndirilib.

Nəşrin məlumatına görə, Kalın Afinaya səfəri zamanı yalnız Demiris ilə görüşməklə kifayətlənməyib, Mitsotakis ilə də gizli görüş keçirib.

Mənbə bildirib ki, MİT direktoru görüş zamanı Yunanıstan Baş nazirinə sərt xəbərdarlıq edib:

“Kalın Mitsotakisə Türkiyənin Egey dənizində ərazi sularının 12 milə qədər genişləndirilməsi, Kipr məsələsi və xüsusilə Yunanıstanın İsraillə inkişaf etdirdiyi yaxın münasibətlərlə bağlı Türkiyənin qırmızı xətlərini çatdırıb. O, bu məsələlərdə Türkiyənin həssaslığının nəzərə alınmamasının hərbi müdaxiləyə qədər uzana biləcək nəticələr doğura biləcəyi barədə sərt mesajlar verib.

Mitsotakis görüşün ictimaiyyətə açıqlanmasını istəməyib, bu səbəbdən təmasın gizli saxlanılmasına üstünlük verib. Bununla belə, görüşün mediaya sızmasının qarşısını almaq mümkün olmayıb”.

Nəşr sızmanın Türkiyədən deyil, Yunanıstan tərəfdən qaynaqlandığını da iddia edib.