BAKI, 3 noyabr. TELEQRAF

“İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması regionda təhlükəsizliyin təmin edilməsinin şərtlərindən biridir”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi general-mayor Əli Abdullahi deyib.

“Tasnim” agentliyinin yaydığı bəyanatda şərtlərdən biri kimi “İranın Hörmüz boğazı üzərində suverenliyinin rəsmi şəkildə tanınması” qeyd olunub.

Regionda davamlı təhlükəsizliyin təmin edilməsi üçün digər şərtlər sırasında İrana qarşı sanksiyaların tamamilə ləğvi, dondurulmuş aktivlərin açılması və İrana qarşı hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin kompensasiya edilməsi göstərilib.

Bundan əlavə, Abdullahi İrana qarşı təcavüzün təkrarlanmayacağına dair təminatların verilməsini, eləcə də “Qərbi Asiyada təhlükəsizlik sisteminin region dövlətlərinin özləri tərəfindən yaradılmasını” tələb edib.