.jpg)
BAKI, 22 fevral. TELEQRAF
28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin elan edilməsindən sonra hökumətin ilk addımı Cənubi Qafqazda baş verən bu tarixi hadisəni dünya dövlətlərinə çatdırmaq idi. Bu istiqamətdə Osmanlı dövlətinin vasitələrindən istifadə olunduğu deyilsə də, əslində, bu hadisə baş verməmişdi. Əsas iş İstanbulda fəaliyyət göstərən diplomatik təmsilçilərimizin üzərinə düşmüşdü. Məhəmmədəmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Əhmədcövdət Pepinov, Aslan bəy Səfikürdski, Xəlil bəy Xasməhəmmədov, Əkbər ağa Şeyxülislamov, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin sayəsində Şərq və Qərb dünyası ilə münasibətlər yaradılmışdı. Nəticədə qısa zamanda Azərbaycan yaxın regionlarda öz səfirlik və konsulluqlarını qura bilmişdi. Eyni zamanda Azərbaycanda da digər ölkələrin müxtəlif dərəcəli təmsilçilikləri olmuşdu.
23 ay ərzində Azərbaycanda ABŞ, İtaliya, Polşa, Litva, Ukrayna, Belçika, Gürcüstan, Ermənistan, Qacar, Finlandiya, Fransa, İsveç, İsveçrə kimi ölkələrin müxtəlif statuslu nümayəndələri vardı. Bu dövlətlərdən biri də Azərbaycanla çox yaxın münasibətləri olan Şimali Qafqaz Cümhuriyyəti (Dağlılar Respublikası) idi. Bu dövlətin ölkəmizdəki təmsilçisi isə Əli xan Kantemir olmuşdu.
Ə.Kantemir 9 may 1886-cı ildə Şimali Osetiyanın Karaqaç kəndində digor-aldarlara mənsub müsəlman bir ailədə dünyaya gəlib. Orta təhsilini Vladiqafqazda alıb, daha sonra Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olub. Tələbəlik dövründə “İslam dünyasında” adlı rus dilində çıxan qəzetlə əməkdaşlıq edib, dövrün bir çox ziyalısı kimi Rusiya müsəlmanlarının hüquqlarının qorunması ilə bağlı mübarizəyə qoşulub.
Kantemir universiteti bitirdikdən sonra 1913-cü ildə Bakıya köçüb, Cənubi Qafqazın ən qaynar şəhərində vəkillik fəaliyyəti ilə məşğul olub. O, vəkil olaraq uzun müddət məsləkdaşı, daha sonra Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri olan Fətəli xan Xoyskinin köməkçisi kimi çalışıb.
Hacı Zeynəlabidin Tağıyevin rəhbərliyində qurulan, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin təmsil olunduğu “Müsəlman Cəmiyyəti-Xeyriyyəsi”ndə Əli xan da çalışıb. Belə ki, Birinci Dünya müharibəsi dövründə cəmiyyət türk cəbhəsində çalışmaq üçün Əli xanın iştirakıyla Qızılay heyəti yaratmışdı. Bu heyət müharibədə zərər çəkmiş əhaliyə, eləcə də yaralı Osmanlı əsirlərinə dəstək olmuşdu. Şimali Qafqazlı Mustafa Zihni Hızal onun bu dövrdəki fəaliyyəti haqqında yazırdı: “Birinci Dünya hərbi başlayınca və rus orduları türk hüdudlarına hücum edincə türk əsirlərinə yardım və xüsusilə yetim türk uşaqlarını himayə məqsədilə qafqazlılar bir yardım təşkilatı qurmuşdular. Bu təşkilata azərbaycanlı zənginlər böyük dəstək verirdilər. Təşkilat təcavüzə keçən ermənilərə qarşı da fəaliyyət göstərirdi. Buna görə də o dövrdə belə bir təşkilatda yer almaq hər igidin işi deyildi. İdealistlərdən mərhum Dr. Xosrov Sultan (Qarabağlı) təşkilatın rəisi, Əli xan da müavini seçilmişdi. Bu cəsur insanlar cəbhələrdə, işğal altındakı sahələrdə hər təhlükəni gözə alaraq çalışdılar. Təkcə türk yetimlərini toplamaq, türk əsirlərinə yardım etməklə yetinmədilər, türk kənd və qəsəbələrindəki ac-səfil qalan xalqa da maddi yardım göstərdilər”.
Siyasi fəaliyyətə keçid
1917-ci ilin fevral inqilabından sonra o dövrdə çar Rusiyasının tərkibində olan Qars şəhərinin hərbi valisi vəzifəsindən çıxarılır. Əyalətin idarəçiliyi faktiki olaraq xalqın da istəyi ilə Əli xan Kantemirə keçir. Müvəqqəti hökumətin Cənubi Qafqazı idarə etmək üçün qurduğu Özəl Zaqafqaziya Komitəsi bu faktı qəbul edərək onun əyalətdəki rəhbərliyini rəsmiləşdirir. Cənubi Qafqaz Seyminin yaradılmasından sonra Əli xan da Qars əyalətinin türk əhalisi tərəfindən seymə nümayəndə olaraq göndərilir. O, seymin toplantısında katib vəzifəsini də yerinə yetirir. Lakin Cənubi Qafqazda baş verən sürətli siyasi proseslər onu daha yüksək vəzifəyə aparır.
O, Cənubi Qafqaz Federativ Respublikasında xarici işlər nazirinin müavini olur. Cənubi Qafqaz təmsilçilərinin Osmanlı dövləti ilə apardığı danışıqlar dövründə Əli xan bu vəzifəsindən istefa verir və Batumda sülh müzakirələri aparan Şimali Qafqaz heyətinə qatılır. 11 may 1918-ci ildə Şimali Qafqaz müstəqilliyini elan etdiyi üçün Osmanlı dövləti ilə Batumda imzalanan müqavilədə o da iştirak edir, eləcə də Şimali Qafqazın şimal sərhədlərinin təsbit edilməsi istiqamətində Almaniya ilə aparılan danışıqlarda yer alır. 1918-ci ilin iyun ayında İstanbulda dörd cümhuriyyətin iştirakı ilə baş tutacaq konfransda iştirak edən şimali qafqazlılar arasında Əli xan da vardı. O, bu ərəfədə Şimali Qafqaz ordusuna Osmanlıdan hərbi dəstək almağa çalışır, eyni zamanda mətbuatda Şimali Qafqaz məsələsi ilə bağlı çıxışlar edir. İstanbul konfransı baş tutmadığı üçün Əli xan Qafqaza qayıdır və qısa zamanda ona uzun müddətdir tanış olan Bakı şəhərinə Şimali Qafqaz Cümhuriyyətinin diplomatik nümayəndəsi olaraq göndərilir.
Əli xan Kantemir Bakıda
Əli xanın Bakıdakı diplomatik fəaliyyət dövrü olduqca dolaşıq siyasi gedişlərin baş verdiyi bir ərəfəyə təsadüf edir. Azərbaycanda ingilis qoşunları vardı, yerli hökumətlə yanaşı, diplomatik təmsilçilər də general Tomsonun qərargahı ilə iş görməli idilər. Bu baxımdan o, istər Bakıda olduğu dövrdə, istərsə də Parisə göndəriləcək Şimali Qafqaz heyətinin təşəkkülündə diplomat kimi mühüm fəaliyyətlər göstərir. Təəssüf ki, Denikin ordusunun işğalı nəticəsində Şimali Qafqaz hökuməti süqut edir, nəticədə Dağıstanda yenidən ruslar əleyhinə azadlıq mübarizəsi başlayır. Əli xanın rəhbərlik etdiyi Müdafiə Şurası uzun müddət həm denikinçilərə, həm də bolşeviklərə qarşı mübarizə aparır. Azərbaycanın da işğalından sonra bir çox azərbaycanlı siyasi lider kimi Əli xan da hələ ki varlığını qoruyan Gürcüstana keçir, 17 fevral 1921-ci ildə Tiflisdə qurulan Azərbaycan-Dağlılar Komitəsində təmsil olunur. Heydər Bammatın sədri olduğu bu komitənin məqsədi Cənubi Qafqazın yenidən azadlığa qovuşması və konfederativ bir idarəçiliyin qurulması idi. 22 fevral 1921-ci ildə Bammat bu məqsədlərini radio vasitəsilə elan edir. Azərbaycan tərəfdən bu quruma komitə sədrinin müavini kimi keçmiş daxili işlər naziri Mustafa Vəkilov, eləcə də parlament üzvü Bağır Rzayev və müvəqqəti olaraq bitərəf Fəthi bəy daxil olurlar. Gürcüstan hökuməti də bu ittifaqı rəsmən tanıyır. Komitə Gürcüstanda yaşayan azərbaycanlı və şimali qafqazlıları səfərbərliyə alır, qısa zamanda hərbi dəstələr də formalaşdırılır. Azərbaycanlı könüllülərin çağırış məntəqəsi Tiflisdə - Meydandakı “Kaspi” mehmanxanasında yerləşirdi. Bu dəstələr Tiflisin müdafiəsində də iştirak edir, lakin Gürcüstanın da işğalından sonra Batuma, daha sonra Trabzona keçir. Əli xan Trabzona gedən ən son gəmi ilə Qafqazı tərk edir...
Mühacirət yollarında
Trabzona gələn Əli xan Azərbaycan-Dağlılar ordusunu Osmanlı məqamlarına tərxis edir. Bu birlikdə təmsil olunan əsgər və zabitlərin bir qismi türk ordusuna qatılır. Əli xanın özü isə bir müddət İstanbul və Ankarada yaşayır. O, İstanbulda qurulmuş Birləşmiş Qafqaz Konfederatları Komitəsində yer alır, 1926-cı ildə “Prometey” hərəkatının yaradılmasında iştirak edir. 1938-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldığı üçün Almaniyaya köçür.
Burada Rusiya əleyhinə fəaliyyət göstərən təşkilatlarda təmsil olunduqdan sonra Berlində məskunlaşır. O, 1934-cü ildə Parisdə rus, fransız, alman, ingilis, türk və yerli Qafqaz dillərində çıxan “Kafkas” jurnalı vasitəsilə də mübarizəsini aparır. Bu dövrdə o, Türkiyə dövləti ilə də şəxsi münasibətlərini saxlayır, mühacirətdəki fəaliyyətlərlə bağlı müəyyən raportlar təqdim edir. Məsələn, 1939-cu ildə Türkiyənin Berlin səfirliyinə təqdim etdiyi raportda mühacirətdəki gürcü və erməni qrupların Türkiyə əleyhindəki fəaliyyətlərinə də yer verib: “Bu qrupların hamısı açıq şəkildə istər öz qəzetlərində, istərsə də hərəkətlərində Artvin, Ərdəhan, hətta Lazıstanı keçmiş gürcü torpağı sayaraq hər hansı bir böyük dövlətin yardımı ilə Gürcüstana daxil etmək mübarizəsini aparırlar. Ermənilərin hədəfləri isə Qars və Vana qədər uzanmaqdadır. Onlar Türkiyənin məhvini Rusiyadan daha çox istəməkdədirlər”. O, raportunda Sovetlərlə əməkdaşlıq edən gürcü siyasətçilər haqqında da məlumat verib.
II Dünya müharibəsi dövründə Kantemir almanlara əsir düşən şimali qafqazlıların təşkilatlanması işində rol oynayır, Şimali Qafqaz Milli Komitəsinin liderlərindən biri olur.
1943-1945-ci illərdə Berlində Şimali Qafqaz irtibat heyətinin üzvü və Şimali Qafqaz Milli Mərkəzinin orqanı olan “Şimali Qafqaz” jurnalının redaktoru, 1944-1945-ci illərdə Qafqaz Şurasında Şimali Qafqaz irtibat heyətinin nümayəndəsi kimi fəaliyyət göstərir.
Müharibədən sonra bir müddət İsveçrədə yaşayır, daha sonra Almaniyanın Münxen şəhərinə yerləşir. Burada Qafqaz Milli Komitəsini qurur və onun baş redaktorluğunda türkcə, rusca və ingiliscə “Kafkasya” dərgisi işıq üzü görür. Bu dərginin ən aktiv yazarlarından biri də Məhəmmədəmin Rəsulzadə olur. Bu jurnalda Rəsulzadənin ondan çox yazısı dərc edilir ki, beş hissəli “Qafqaz məsələsi” məqaləsi olduqca əhəmiyyətlidir. Rəsulzadənin radio vasitəsilə Azərbaycan xalqına xitabının mətni də bu jurnalda yer alır. Onunla yanaşı, Mirzəbala Məhəmmədzadə, Süleyman Təkinər, Mustafa Haqqı Türkəqul kimi azərbaycanlıların da bu dərgidə yazıları çıxır.
Əli xan Kantemir mühacirətdə yaşadığı illərdə Amerikan Qurtuluş Komitəsi ilə əməkdaşlıq edir, Şimali Qafqaz Milli Komitəsinin rəisi, Sovet İttifaqı Millətlərini Qurtarma Cəmiyyəti (Paris bloku) sədrinin müavini olur. Eləcə də sonuncu cəmiyyətin nəşr etdiyi məcmuələrlə əməkdaşlıq edir.
Əli xan Kantemir 16 aprel 1963-cü ildə infarkt nəticəsində vəfat edir. Haqqında geniş nekroloq yazan silahdaşı Heydər Bammat onu “hər cür məhrumiyyətə dözərək bütün ömrünü Qafqazın və Sovet əsiri bütün millətlərin qurtuluş və istiqlal mücadiləsinə həsr etmiş olan Qafqazın bu böyük vətənpərvər və idealist övladı” kimi xarakterizə edir.
Kantemir Münxendəki müsəlman məzarlığında silahdaşı Əhməd Nəbi Maqomanın yanında dəfn olunur.
Onun vəfatı Münxendə yaşayan azərbaycanlıları da kədərləndirir. Oradakı Azərbaycan cəmiyyətinin rəhbəri Dr. M.Oroys (Həsən Kərbəla) onun haqqında alman dilində geniş məqalə qələmə alır. Həmin yazı Ankarada çıxan “Azərbaycan” jurnalında türk dilində də verilir. Jurnalın həmin sayında azərbaycanlı mühacir Əbdülvahab Yurdsevərin də onun xatirəsinə həsr etdiyi məqaləsi işıq üzü görür...