BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan və Birləşmiş Krallıq uzun illərdir qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanan dostluq münasibətlərinə malikdir.
Teleqraf xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib.
"Ümummilli Lider Heydər Əliyev müstəqilliyini bərpa etmiş Azərbaycanın Birləşmiş Krallıqla hərtərəfli əməkdaşlığının inkişafına xüsusi önəm verib və bu tərəfdaşlığın gələcəyinə böyük inam bəsləyib.
Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin mühüm ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət göstərir. Bu əməkdaşlıq enerji sahəsi ilə yanaşı, ticarət, investisiyalar, təhsil, səhiyyə və digər istiqamətləri əhatə edən çoxşahəli tərəfdaşlıq xüsusiyyətlərinə malikdir", - deyə O.Zeynalov bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasında müntəzəm fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya müxtəlif istiqamətlərdə birgə təşəbbüslərin təşviqi və inkişafı üçün mühüm platforma rolunu oynayır:
"Birləşmiş Krallıq ilk vaxtlardan sərmayələri və enerji sektoruna dəstəyi ilə Azərbaycanın inkişafında mühüm rol oynayan strateji tərəfdaşımızdır. Birləşmiş Krallıq 39.9 milyard dollardan çox sərmayə yatırımı, o cümlədən bunun 37 milyard dolları ilə enerji sektoruna – ölkəmizdə ən böyük xarici investordur".
Nazir müavini qeyd edib ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərdə ənənəvi olaraq xüsusi yer tutub: "Bu əməkdaşlığın təməli 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə qoyulub və BP şirkəti ilə səmərəli tərəfdaşlığın başlanğıcı olub. Son üç onillik ərzində bu əməkdaşlıq hər iki ölkə və bütövlükdə region üçün mühüm nəticələr verib. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” kimi iri layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqda davam edir.
Bu ayın əvvəlində Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından dərin laylardan sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirildi. Bu AÇG yatağının inkişafının növbəti tarixi mərhələsidir. "AÇG Dərin Qaz" layihəsi Azərbaycanın qaz hasilatı və ixrac potensialını artırmaq üçün strateji əhəmiyyətə malikdir. Layihə çərçivəsində əldə olunan qaz ehtiyatları gələcəkdə Azərbaycana əlavə xarici investisiyalara yol açacaq.
Birləşmiş Krallıq, o cümlədən bp şirkəti ilə strateji tərəfdaşlığımızın hazırda “yaşıl enerji”, dekarbonizasiya üzrə genişləndirilməsi məmnunluq doğurur. 2027-ci ildə Cəbrayılda istismara veriləcək 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası və layihənin “Səngəçal” terminalının dekarbonizasiyasına töhfəsi karbohidrogenlərlə “yaşıl enerji”nin vəhdətinin nümayişi olacaq. Azərbaycan və Birləşmiş Krallıq arasında uzun illər ərzində mövcud olmuş səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə daha da inkişaf etdirilməsinə sadiqik".
O.Zeynalov vurğulayıb ki, Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin yaxın vaxtlarda imzalanması ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcək.