BAKI, 6 noyabr. TELEQRAF
Belçikanın paytaxtı, eyni zamanda Avropa İttifaqının siyasi mərkəzi olan Brüsselin nüfuzlu mədəniyyət məkanlarından biri - “Flagey” teatrında Azərbaycanın Zəfər Günü münasibətilə “Azərbaycanın ruhu” adlı konsert proqramı keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin, Avropa İttifaqı yanında Nümayəndəliyinin və NATO yanında Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Belçikanın dövlət qurumlarının, siyasi, ictimai, işgüzar, mədəniyyət və akademik dairələrin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən müttəfiq dövlətlərin NATO yanında səfirləri, hərbi nümayəndələri və Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahının (SHAPE) zabitləri, media təmsilçiləri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir 2021-ci ildə Şuşanın Cıdır düzündə keçirilmiş “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Kənan Bayramovun ifasında səsləndirilən “Bayatı-Şiraz” muğamının videoçarxının nümayişi ilə başlayıb. Muğamın ecazkar sədaları fonunda Şuşanın füsunkar mənzərələrinin və festivaldan görüntülərin nümayiş etdirilməsi iştirakçılara duyğulu anlar yaşadıb, tədbirin açılışına xüsusi emosional çalar qatıb.
Açılış mərasimində Azərbaycanın Belçika Krallığındakı səfiri Məmməd Əhmədzadə və Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə çıxış ediblər.
Səfir Məmməd Əhmədzadə “Bayatı-Şiraz” muğamının dərin rəmzi mənasına diqqət çəkərək bildirib ki, uzun illər işğal dövründə Azərbaycan xalqı üçün ağrının, həsrətin və doğma torpaqlara qayıdış ümidinin ifadəsinə çevrilmiş bu musiqi bu gün zəfərin və sülhün rəmzi kimi səslənir.
Hər iki diplomat Zəfərin tarixi əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərinə qədər uzanan şanlı mübarizə yolundan bəhs ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasında, hərbi və diplomatik müstəvilərdə tarixi nailiyyətlərin əldə edilməsində həlledici rolu xüsusi vurğulanıb.
Natiqlər müharibədən sonrakı dövrdə sülh gündəliyinin irəlilədilməsi, regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Prezident İlham Əliyevin təşəbbüsləri və aparıcı rolundan da bəhs ediblər. Azərbaycanın əvvəlcə döyüş meydanında qələbə qazandığı, hazırda isə regionda davamlı sülhün bərqərar olması istiqamətində ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşmasına zəmin yaratdığı qeyd olunub, davamlı sülhün təmin edilməsi üçün zəruri şərtlər və bunun regionun gələcək inkişafı üçün açacağı imkanlar vurğulanıb.
Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və həmin ərazilərdə həyatın yenidən canlandırılması istiqamətində görülən tədbirlərə də toxunulub. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların qəhrəmanlığının yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, həmçinin Azərbaycan-NATO arasında uzunmüddətli və çoxşaxəli tərəfdaşlığı vurğulayaraq, bu tərəfdaşlığın Avro-Atlantik məkanda təhlükəsizlik və sabitliyə verdiyi töhfədən bəhs edib. O, Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə tərəfdaşlığının müxtəlif istiqamətləri barədə danışıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə NATO arasında siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.
Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Fikrət Əmirov adına Dövlət Musiqi və Rəqs Ansamblının təqdim etdiyi musiqi və rəqs nömrələri Azərbaycan mədəniyyətinin zənginliyini, milli musiqimizin ecazkarlığını və rəqs sənətimizin dinamik enerjisini nümayiş etdirib.
Konsert proqramında “Şuşanın dağları”, “Mənim Azərbaycanım”, “Qarabağ”, “Qarabağ şikəstəsi”, “Çırpınırdı Qara dəniz” kimi sevilən musiqi əsərləri, eləcə də muğam nümunələri ifa olunub. “Sarı gəlin”, “Qarabağda süzən qızlar”, “Çay”, “Nağara”, “Uzundərə”, “Yallı”, “Naz eləmə” və “Ay ləli”, “Odlar yurdu Azərbaycan” kimi rəqslər və xoreoqrafik kompozisiyalar isə tamaşaçılara milli rəqs sənətimizin rəngarəngliyini, estetik zənginliyini və özünəməxsus gözəlliyini nümayiş etdirib.
Konsertin ən yaddaqalan məqamlarından biri proqramın sonunda bütün musiqiçilərin və rəqqasların səhnədə bir araya gələrək “Ey Vətən” mahnısını birlikdə ifa etməsi olub. Azərbaycan bayrağının dalğalandığı səhnədə mahnının qürurverici sədaları zalda xüsusi coşqu yaradıb. İştirakçıların gur alqışları, sevinc və qürur dolu anlar tədbirin emosional zirvəsinə çevrilib.
Hər bir musiqi və rəqs nömrəsinin məzmununa uyğun hazırlanmış videoproyeksiyalar və vizual effektlər də konsert proqramının bədii-estetik təsirini daha da gücləndirib. Xüsusilə Bakıdakı Zəfər Parkını, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini əks etdirən görüntülər tamaşaçıların böyük marağına səbəb olub.
Sürəkli alqışlarla qarşılanan konsert proqramı Azərbaycanın zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini, milli kimliyini və mədəniyyətinin birləşdirici gücünü, eləcə də Zəfər Gününün tarixi əhəmiyyətini, qazanılmış tarixi Zəfərin yaratdığı qüruru və gələcəyə yönəlmiş sülh mesajını auditoriyaya nümayiş etdirib.