BAKI, 3 noyabr. TELEQRAF
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yalnız dronların tətbiqi ilə deyil, üç onillik ərzində formalaşdırılan strategiya və milli gücün səfərbər edilməsi ilə bağlı olub.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Vasif Hüseynov bu gün Bakıda keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiyalar və qələbə” kitabının təqdimatında deyib.
O bildirib ki, kitabın müəllifləri mütəxəssislər və ekspertlərlə 90-dan çox müsahibə apararaq Azərbaycanın qələbəsinin uzunmüddətli strategiyanın nəticəsi olduğu qənaətinə gəliblər.
Vasif Hüseynov Prezident İlham Əliyevin müharibə dövründəki rolunu xüsusi vurğulayıb:
“Dövlət başçısının döyüş əməliyyatlarını izləməsi, Baş Qərargah və digər rəsmilərlə müzakirələr aparması qələbəyə mühüm töhfə verib”.
Şöbə müdiri əlavə edib ki, İlham Əliyevin əvvəlki illərdə Azərbaycanın milli gücünü möhkəmləndirməsi və ölkəni ərazi bütövlüyünün bərpası məqsədinə yönəltməsi də nəşrdə ətraflı təhlil olunur:
“Kitab Azərbaycanın müharibədə necə qələbə qazandığına və ərazi bütövlüyünü hansı strategiya ilə bərpa etdiyinə dair yeni yanaşmalar təqdim edir”.