NAXÇIVAN, 5 noyabr. TELEQRAF
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvana səfər edib. Diplomat səfər çərçivəsində keçirdiyi görüşlər, ikitərəfli əməkdaşlığın prioritet sahələri, təhsil layihələri və regiondakı sülh prosesi ilə bağlı sualları cavablandırıb.
Teleqraf-ın yerli bürosu onunla müsahibəni təqdim edir:
– Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi Naxçıvana ilk səfərinizdir. Səfər çərçivəsində kimlərlə görüşlər keçirdiniz və Böyük Britaniya ilə Naxçıvan arasında əməkdaşlığın hansı istiqamətlərini perspektivli hesab edirsiniz?
– Artıq altı aydır ki, Böyük Britaniyanın Azərbaycandakı səfiriyəm. İlk rəsmi səfərim Qarabağa, ikincisi isə Naxçıvana olub. Bu səfər üçün Naxçıvanı seçməyimin əsas səbəblərindən biri, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin doğma yurdu olmasıdır.
Burada olduğum müddətdə Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi və muxtar respublikanın rəhbərliyi ilə görüşlər keçirdim. Dəmir yolu stansiyasına baş çəkərək müvafiq qurumların nümayəndələri ilə söhbət etdim.
Hesab edirəm ki, Böyük Britaniya ilə Azərbaycan, xüsusilə də Naxçıvan arasında əməkdaşlığın dörd əsas istiqaməti var.
Birincisi, infrastruktur, xüsusilə dəmir yollarıdır. Bu gün layihələrin idarə olunması, dəmir yollarının modernləşdirilməsi və siqnalizasiya sistemləri sahəsində Böyük Britaniyanın təcrübəsindən istifadə imkanlarını müzakirə etdik.
İkinci istiqamət yaşıl enerjidir. Böyük Britaniya Naxçıvanda bu sahənin inkişafına, o cümlədən elektrik enerjisi interkonnektorlarının yaradılmasına və günəş enerjisi layihələrinin həyata keçirilməsinə dəstək verməkdə maraqlıdır.
Bildiyimə görə, Naxçıvanda ildə 250 gün günəşli hava müşahidə olunur. Bu gün həmin günlərdən biri olmasa da, ümumilikdə region günəş enerjisinin inkişafı üçün çox əlverişli potensiala malikdir.
Turizm də diqqət yetirdiyimiz sahələrdəndir. Son iki gün ərzində gördüyüm möhtəşəm muzeylər və mədəniyyət məkanları məndə belə bir qənaət yaradıb ki, Naxçıvan mühüm turizm mərkəzinə çevrilə bilər.
Dördüncü istiqamət kənd təsərrüfatıdır. Bu sahədə dəstək imkanlarımızı araşdırırıq.
Böyük Britaniya və Azərbaycanın Naxçıvanda birgə fəaliyyəti üçün çoxsaylı imkanlar mövcuddur. Bu əməkdaşlığın artıq konkret nümunələri də var. Britaniyanın “Chapman Taylor” şirkəti şəhərin 20 illik baş planını hazırlayacaq və onsuz da gözəl olan Naxçıvanın gələcəyə uyğun inkişafına töhfə verəcək. Bu, iki ölkə arasında tərəfdaşlığın uğurlu nümunəsidir. İnanıram ki, qarşıdakı aylar və illər ərzində belə layihələrin sayı daha da artacaq.
– Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz? Tərəfdaşlığın inkişafında əsas prioritetlər nələrdir?
– Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərin təməlində uzun illər bp şirkətinin fəaliyyəti dayanıb. bp bu gün də əlaqələrimizdə mühüm rol oynayır. Bununla yanaşı, tərəfdaşlığımız yaşıl enerji, digər kommersiya sahələri və investisiyalarla yanaşı, müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edir.
Enerji sektoru əməkdaşlığımızın vacib istiqamətlərindən biri olaraq qalır. Bununla belə, əlaqələrimiz digər sahələrdə də genişlənməkdədir.
Azərbaycanın müstəqil, özünəinamlı dövlət kimi formalaşdığını və regionda müstəqil siyasət yürütməsini görmək çox sevindiricidir. Ölkə getdikcə daha böyük uğurlar qazanır və onun yaxın tərəfdaşı olmaq bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşıdakı illərdə əlaqələrimizi daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik.
– Böyük Britaniyada təhsil almaq istəyən çoxlu azərbaycanlı gənc var. Lakin onların bəziləri maliyyə çətinlikləri ilə üzləşirlər. Bu problemin həlli üçün yeni layihələr və ya dəstək proqramları nəzərdə tutulurmu?
– Əlbəttə. Böyük Britaniyanın “Chevening” adlı təqaüd proqramı mövcuddur. Bu təşəbbüs magistratura təhsili almaq istəyən tələbələrə ölkəmizdə təhsil imkanı yaradır və müraciət etmək mümkündür.
Eyni zamanda, Azərbaycanın öz Dövlət Proqramı da var. Bildiyimə görə, bu il xaricdə təhsil almaq üçün seçilən tələbələrin 61 faizi Böyük Britaniyanı üstün tutub.
– “Chevening” proqramı üzrə təqaüd yerlərinin artırılması planlaşdırılırmı?
– Ümid edirik ki, gələn il proqram çərçivəsində tam maliyyələşdirilən tələbələrin sayı builkindən bir qədər çox olacaq.
Bu, Azərbaycanın müstəqillik əldə etməsindən bəri həyata keçirdiyimiz çox mühüm proqramdır.
– Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının hazırkı mərhələsini və gələcək perspektivlərini necə dəyərləndirirsiniz?
– Sülh prosesi olduqca vacibdir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region və daha geniş mənada dünya üçün böyük əhəmiyyət daşıyır.
Bütün sülh sazişlərində olduğu kimi, bu proses də ikitərəfli qaydada aparılmalıdır. Azərbaycanın və Ermənistanın məsələnin həllinə əsasən öz aralarında, dostlarının dəstəyi ilə nail olması düzgün yanaşmadır.
Böyük Britaniya olaraq əlimizdən gələn köməyi göstərməyə və prosesi dəstəkləməyə çox maraqlıyıq. Sülh müqaviləsinin münasib vaxtda imzalanmasını arzulayırıq. Bundan sonra isə bütün region sülhün gətirəcəyi üstünlüklərdən faydalanmalıdır.
– Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı ilə bağlı hansı nəticələri görmək istərdiniz?
– İlk növbədə, Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını və bu sənəddə nəzərdə tutulan əməkdaşlığın real nəticələr verməsini istəyirəm.
Daha sıx əməkdaşlıq etməyi, böyük nailiyyətlər əldə etməyi, investisiya, ticarət və kommersiya əlaqələrimizi gücləndirməyi arzulayırıq. Həmçinin bütün dünyada hər birimizə təsir edən məsələlərdə daha yaxından çalışmaq niyyətindəyik.
Son 35 ildə olduğu kimi, bundan sonra da yaxın tərəfdaş olaraq qalmaq, qarşıdakı 35 il üçün isə daha sıx və möhkəm əməkdaşlığın əsasını qoymaq istəyirik.