BAKI, 5 noyabr. TELEQRAF
“Bakıda keçirilən “AIREX 2026” beynəlxalq daşınmaz əmlak və tikinti sərgisi Azərbaycanın tikinti, şəhərsalma, qiymətləndirmə və daşınmaz əmlak sektorlarının beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Yerli və xarici yaşayış, kommersiya layihələrinin təqdimatı, sahə mütəxəssisləri və beynəlxalq nümayəndələrin iştirakı ilə investorlar və sahibkarlar üçün birbaşa görüşlərin keçirilməsi sərginin əhəmiyyətini əks etdirir. Sərgiyə maraq böyükdür. “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkətin iştirak etməsi də bu marağın göstəricisidir”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli”nə təsadüf edən belə bir beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın əmlak bazarı və tikinti sektoru, infrastruktur və innovasiya sahəsi üzrə iştirakçılar üçün mühüm əhəmiyyət daşıyır. Tədbir müasir şəhərsalma həllərinin, dayanıqlı tikinti prinsiplərinin və rəqəmsal texnologiyaların müzakirəsi Azərbaycanın urbanizasiya proseslərinin, infrastruktur inkişafının və daşınmaz əmlak bazarının beynəlxalq təcrübə ilə uzlaşdırılması üçün əlavə imkanlar yaradır. Noyabrın 4-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olması da tədbirin önəmindən xəbər verir.
Deputat bildirib ki, xarici investorların yerli bazara marağının artması əmlak haqqında etibarlı məlumatlara, şəffaf qiymətləndirmə mexanizmlərinə və beynəlxalq standartlara uyğun peşəkar xidmətlərə tələbatı da artırır. Bir sözlə, tədbir tikinti sektoruna aid ən qabaqcıl texnologiyalar, yeni inşaat modelləri üzrə təcrübələrin bölüşülməsi, təchizatçılar və tikinti peşəkarlarının yeni işgüzar əlaqələrinin qurulması, potensial tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi baxımından əlverişli fürsət və imkanlar deməkdir.
Millət vəkili deyib ki, sərgi çərçivəsində təşkil olunan beş panel iclasda Azərbaycanın şəhərsalma perspektivləri, yeni yaşayış və infrastruktur layihələri, brend rezidensiyalar, premium yaşayış konsepsiyaları, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti və müasir texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olub. Bu isə ölkəmizin tikinti biznesi təmsilçiləri ilə xarici investorlar arasında potensial tərəfdaşlığın qurulması baxımından mühüm fürsət deməkdir.
“Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi sərginin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin qlobal təqdimatıdır” – deyə Samir Vəliyev vurğulayıb.