BAKI, 4 noyabr. TELEQRAF
Azərbaycanda tibbi turizmin inkişafı ilə bağlı strategiyanın iki il ərzində hazırlanması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən Sağlamlıq Turizmi Konfransında çıxışında deyib.
Onun sözlərinə görə, səhiyyə turizminin tərkib hissəsi olan tibbi turizm indiyədək sistemləşdirilməyib və bu sahədə sistemli yanaşma, eləcə də proqnozlaşdırma mexanizmi mövcud deyil:
“Strategiyanın əsas məqsədi tibbi turizm fəaliyyətini sistemləşdirmək, ölçülə bilən etmək və real proqnoz göstəriciləri əsasında inkişaf etdirməkdir.
Strategiyanın hazırlanması Dövlət Turizm Agentliyi ilə birgə həyata keçiriləcək. Səhiyyə Nazirliyi əsas, Dövlət Turizm Agentliyi isə digər icraçı qurum olacaq”.
N.Zeynalov əlavə edib ki, prosesə yalnız dövlət qurumlarının cəlb edilməsi kifayət deyil. Bu səbəbdən özəl xəstəxanaların, aidiyyəti tərəflərin və vətəndaş cəmiyyəti institutlarının da strategiyanın hazırlanmasında iştirak etməsi nəzərdə tutulur.