ŞƏKİ, 21 oktyabr. TELEQRAF

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə təşkil edilmiş mediatur çərçivəsində jurnalistlər “Kiş” Tarix-Memarlıq Qoruğunda olublar.

Teleqraf xəbər verir ki, burada qoruq barədə media nümayəndələrinə məlumat verilib.

Bildirilib ki, “Kiş” Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin Kiş kəndində yerləşir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 hektar əraziyə malikdir.

Qoruğun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini, toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır.

Kişdə ən qədim evlər XV-XVI əsrlərə aiddir.

Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. İki min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. Birinci əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin bütpərəstlik kahinlərinin razılığı ilə yaradılan bu məbədi hətta “məbəd içərisində məbəd” də adlandırmaq olar.

Qeyd edilib ki, Kiş Alban məbədinin tədqiqi Qafqaz Albaniyasının tarixi xüsusiyyətlərini dəqiq müəyyənləşdirməyə imkan verib. Məbədin öyrənilməsi və bərpasına həsr olunmuş birgə Azərbaycan-Norveç “Kiş” layihəsi 2000-ci ildə məşhur Norveç alimi Tur Heyerdalın dəstəyi ilə başlayıb və 2003-cü ildə tamamlanıb.

Hələ 1981-ci ilin dekabr ayında aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut edib. Çox qəribədir ki, Misir ehramları da bu cür bünövrə üzərində qurulub.

Kiş məbədində əsas arxeoloji qazıntılar 2000-ci ilin yayında aparılıb. Qazıntı zamanı məbədin aşağı hissəsinin arxeoloji qatlarından əldə edilən məlumatlar abidəni nəzəri və praktiki şəkildə bərpa etməyə imkan verib. Aydın olub ki, məbədin binası ehtimal olunduğundan da əvvəl tikilib. Bu qazıntılar b.e.ə 3500-cü illərdə Qafqazda yaranmış Kür-Araz mədəniyyəti kimi tanınan erkən Tunc dövrü mədəniyyətinin mövcudluğunu da təsdiqləyib.

Mədəniyyət Nazirliyinin 26 fevral 2003-cü il 50 saylı əmrinə əsasən “Kiş Tarixi-Memarlıq Qoruq Muzeyi” yaradılıb. 14 aprel 2009-cu ildə isə bu muzey “Qoruq” statusunu alıb.

Qoruq “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir.

Qeyd edilib ki, Kiş kəndində ölkə əhəmiyyətli “Gələrsən-Görərsən” qalası, Kiş kənd qədim məscidi, arxeoloji abidə olan “Doxun Nekropolu”, yerli əhəmiyyətli “Qaynar” və “Sığnaq” yaşayış yerləri də var.

Xatırladaq ki, “Kiş” Tarix-Memarlıq Qoruğunu (Alban məbədi) 2026-cı ilin yanvar-sentyabr aylarında, ümumilikdə 40 278 turist bilet alaraq ziyarət edib. Onlardan 21 615-i yerli (53,66 faiz), 18 663-ü xarici (46,34 faiz) turistdir. 9 066 nəfər isə məbədi ödənişsiz ziyarət edib.