ŞƏKİ, 20 oktyabr. TELEQRAF
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə təşkil edilmiş mediatur çərçivəsində jurnalistlər Şəbəkə Emalatxanası və Təlim Mərkəzinin bərpadan sonrakı fəaliyyəti ilə tanış olublar.
Teleqraf xəbər verir ki, mərkəzdə fəaliyyət göstərən usta Tofiq Rəsulov şəbəkənin Azərbaycanda tarixi və inkişafı barədə məlumat verib.
O bildirib ki, şəbəkə kompozisiyası orta əsrlərdə İslam dininin tələblərinə uyğun olaraq antropomorf və zoomorf təsvirlər əvəzinə həndəsi və nəbati ornamentlərin ön plana keçməsi nəticəsində ortaya çıxan zəngin bədii ənənədir:
“Burada Azərbaycanın müxtəlif bölgələrində yerləşən elementlər şəbəkə naxışlı və şəbəkə texnikasında işlənilmiş memarlıq abidələrinin fotolarından ibarət guşə mövcuddur. Həmçinin eksponatlardan biri XIII-XV əsrlərə aid sufi alim-filosof Pir Hüseynin şərəfinə ucaldılan xanəgahda yerləşən türbənin şəbəkə quruluşlu kaşı (mulyaj) nümunələridir. Ulduz və yarımulduzlar əsasında yığılmış kaşıların üzərində həndəsi şəbəkə naxışlara rast gəlmək mümkündür. Həmçinin burada daşoyma şəbəkə nümunələrinə isə kainatda vəhdət və harmoniya sistemi ehtiva edən zərif ulduzlu kompozisiyaya malik Seyid Yahya Bakuvi məqbərəsinin pəncərəsi (mulyaj) və Kələxana türbələrinin ərazisində yerləşən məzar daşının “səlcuq zənciri” adlanan şəbəkə naxışlı həndəsi şəbəkə ornamentli fraqmenti (mulyaj) nümayiş olunur”.
Tofiq Rəsulov qeyd edib ki, mərkəzdə taxta araksəmələr, şərbət qaşıqları, mücrü, pəncərələr, tavan fraqmenti və s. nümayış edilir: “Bu eksponatların bir qismi Azərbaycanın ağacişləmə sənətinin məşhur sənətkarlarından olmuş bakılı Əbdülhüseyn Babayev və şəkili Əşrəf Rəsulova məxsus əl işi nümunələridir. Onu da qeyd edək ki, bu eksponatlar içərisində ən qiymətlilərindən biri- şəbəkə pənəcərə üzərində qədim murano şüşələrini əyani şəkildə görmək mümükündür”.
Usta vurğulayıb ki, emalatxananın masterklas otağında ziyarətçilər üçün ağacişləmə şəbəkənin qurulma qaydasını öyrədən qısa müddətli ustad dərsləri də keçirilir: “Həmçinin bu peşənin sirlərini öyrənmək istəyən tələbələr üçün dərslər keçirilir”.