ŞƏKİ, 20 oktyabr. TELEQRAF
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə təşkil edilmiş mediatur çərçivəsində jurnalistlər Şəki Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Teleqraf xəbər verir ki, muzeyin fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib.
Bildirilib ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyi Şəkinin tarix və mədəniyyətini, etnoqrafiyasını tanıtmaq məqsədilə 1925-ci ildə yaradılıb. Muzey Şəki Qala divarları içərisində, yerli memarlıq üslubu ilə Avropa memarlıq elementlərinin sintezi əsasında XIX əsrin ortalarında inşa edilmiş tarixi binanın daxilində yerləşir. Bu binada 2022-2024-cü illərdə Dövlət Turizm Agentliyinin sifarişi ilə bərpa və konservasiya işləri həyata keçirilib. Muzeyin elmi-inventar fondunda 5000-dən artıq maddi-mədəniyyət nümunəsi toplanıb ki, bunun da 2000-dən çoxu ziyarətçilərə nümayiş etdirilir.
Qeyd edilib ki, muzey giriş hissəsi, dörd müxtəlif sərgi zalı, Şəki rəssamlarının əsərlərinin nümayiş etdirildiyi qalereya, xatirə əşyalarının satıldığı dükan və inzibati hissədən ibarətdir.
Muzeyin birinci sərgi zalında Şəkinin qədim dövrlərindən Qafqaz Albaniyasına qədərki arxeoloji irsi və abidələri, Qafqaz Albaniyası dövründən başlamaqla orta əsrlərdən Şəki xanlığının süqutuna qədər maddi-mədəni və tarixi irsi ətraflı nümayiş etdirilir. Burada sərgilənən 5 müxtəlif nehrə 9 min il ərzində nehrənin Azərbaycanda təkamül prosesini əyani şəkildə müşahidə etməyə imkan verir. Bu zonada nümayiş etdirilən saxsı qablar öz unikal formaları, heyvan və insanabənzər formaları ilə diqqəti cəlb edir. Burada tısbağa formalı zoomorf qab xüsusilə maraqlıdır. E.ə. I minilliyin əvvəllərinə aid, tısbağa formalı saxsı dolça 2017-ci ildə Şəki rayonu Küdürlü kəndinin yaxınlığında, Cüyürlü meşəsinin ərazisində aşkar edilib.
Digər stendlərdə, Azərbaycanda tunc, dəmir və antik dövrə aid qədim dekorativ nümunələr, bəzək əşyaları nümayiş etdirilir.
Şəki ərazisində aşkar edilmiş və Sasanilər dövrünə aid olan gümüş sikkələrdən ibarət dəfinə, Azərbaycanın orta əsr hərb tarixinə aid qalxan, qılınc, toppuz, dəmir qoruyucu maska və s. xüsusilə diqqəti cəlb edir.
Birinci sərgi zalının son hissəsi Şəki xanlığının tarixinə həsr edilib. Şəki xanlığının ordusunda istifadə edilmiş odlu silahlar, barıt qabları burada nümayiş edilir.
Vurğulanıb ki, muzeyin ikinci sərgi zalında Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən yüzlərlə digər eksponat nümayiş etdirilir.
Burada Şəkidə sənətkarlığın bəzi sahələrinə aid əşyalar həmçinin Şəki xanlığı dövründə yaşamış bəylərə, bir sıra tarixi şəxsiyyətlərə aid baş daşları nümayiş etdirilir. Bu baş daşlarının hər birinin yanında kimə aid olması haqqında məlumatlar öz əksini tapır. Bu baş daşları öz incə işləmələri, üzərindəki naxışları ilə seçilir. Xüsusilə, Fətəli xan Xoyskinin bacısına aid olan qəbir daşı xüsusilə diqqətçəkicidir.
Bildirilib ki, muzeyin üçüncü sərgi zalında Şəkidə ənənəvi evlərin interyerinə aid dekorativ memarlıq elementləri və məişət-ev əşyaları nümayiş olunur. Burada şəbəkə pəncərələr, buxarı, güzgü, lampalar sərgilənir. Ənənəvi Şəki evlərinə aid darvazanın üzərində bütün memarlıq elementlərinə, xüsusilə təqqülbab adlanan dəmir qapı zənglərinə rast gəlinir.
Muzeyin dördüncü sərgi zalında Şəkinin ipəkçilik irsinə aid olan baramanın açılma prosesi və kəlağayı istehsalına aid əşyalar nümayiş olunur.
Dördüncü sərgi zalının baş hissəsi Azərbaycanda xalçaçılıq sənətinə və onun toxunmasında istifadə edilən əmək alətlərinə həsr edilib. Məlum olduğu kimi, Şəki şəhəri tarixən Azərbaycanda təkəlduz sənətinin mərkəzi sayılır. XVIII-XIX əsrə aid Şəki təkəlduz sənəti nümunələri burada nümayiş etdirilir.
Qeyd edilib ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları Efiopiyada, Madaqaskarda, İordaniyada, Pakistanda keçirilən sərgilərdə nümayiş etdirilib. Muzey Tümen vilayətinin Xantı-Mansiysk şəhərində yerləşən “Çelovek i priroda” muzeyi ilə əməkdaşlıq edir.