BAKI, 21 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1,0 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini qadınlar təşkil edib.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.