BAKI, 17 noyabr. TELEQRAF
Azərbaycanın turist imkanlarının Çində daha geniş tanıdılması üçün marketinq fəaliyyətləri genişləndiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "China Visitors Summit Baku 2025" tədbirində bildirib:
"Bunlardan biri ölkəmizə gələn çinli turistlərin Azərbaycanda daha rahat qonaqlanmasına, yerli turist sənayesinin çinli turistlərini qəbul etmək üçün hazırlıq səviyyəsinin artırılmasına istiqamətləndirilmiş China Ready konsepsiyasının tətbiqidir. Eyni zamanda gələn il üçün planlarımız arasında Azərbaycan Turizm Bürosunun Çin Xalq Respublikasında daimi nümayəndəliyinin yaradılması olacaq. Bu addım, Çin bazarında daha dərin inteqrasiyanı təmin edəcək və turist axınlarının yeni məntəqəsinə yol açacaq. Biz əminik ki, bütün bu təşəbbüslər Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da yüksəlməsinə mühüm töhfə verəcək", - deyə sədr əlavə edib.