QUSAR, 12 iyul. TELEQRAF
"Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv ölkələrdə illik xizək və snoubord yarışları, eləcə də mədəni və əyləncə tədbirləri keçirməyi planlaşdırırıq. Ötən il ilk xizək yarışı Özbəkistanda Amirsoy Dağ Kurortunda keçirilib. Bu yarış həvəskar idmançılar arasında baş tutdu və çox uğurlu keçdi. Bu gün ümumi yığıncaq keçirdik və növbəti yarışın gələn mövsüm Uludağ Kurortunda keçirilməsinə qərar verildi".
Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.
“Əsas məqsədimiz kurortlar arasında təcrübə mübadiləsini təşviq etmək, regionda turizmin inkişafına dəstək olmaq, Türk dövlətlərini qış idman növləri üzrə aparıcı və rəqabətqabiliyyətli istiqamət kimi daha da cəlbedici etməkdir. Bu gün İttifaq kurortlarımız arasında əməkdaşlıq və birgə inkişaf üçün dəyərli bir mərkəzə çevrilib.
Bu məqsədlərə çatmaq vaxt tələb edir. Əlbəttə ki, bu həm də üzvlərimizin peşəkarlığının, bilik və təcrübə mübadiləsinin güclənməsini tələb edir. Ümid edirik ki, üzvlərimizin sayı artacaq və biz sürətlə inkişaf edəcəyik”, - o qeyd edib.