BAKI, 13 iyun. TELEQRAF

"Uzaq Şərq ölkələri, o cümlədən Cənubi Koreya və Çin bizim prioritet istiqamətlərimizdir. Cənubi Koreyada çox aktiv fəaliyyətə başlamışıq. Hətta zaman-zaman Cənubi Koreyada nümayəndəlik açmaq planlarımız da olub".

Teleqraf-ın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, aparat rəhbərinin vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib.

O qeyd edib ki, Azərbaycan aktiv şəkildə Cənubi Koreyadan turistlər cəlb edir.

"Bizim üçün vacib məsələ Azərbaycana gələn turistlərin ölkədən məmnun ayrılmasıdır. Çin bazarı ilə bağlı daha çevik siyasət yeridirik. Çin bazarı turistlərin cəlb edilməsi baxımdan xüsusi və qlobal bazardır. Bu ölkədən hər il qlobal turizm bazarına 120 milyondan çox turist axın edir. Həmin turistlərin bir neçə faizini Azərbaycana cəlb etməyi hədəfləmişik. Biz Çin və Cənubi Koreya bazarlar üçün xüsusi hazırlıq strategiyası yürüdürük. Çinli turistlərin xarici dil bilikləri məhduddur və onlar daha çox öz dillərində danışırlar, buna görə də hazırda Azərbaycanda mandarin dilində danışa bilən 100 bələdçi hazırlanır. Eyni zamanda, ölkədə əlçatan səviyyədə Çin mətbəxinin inkişafı üçün iaşə obyektləri ilə əməkdaşlıq edirik".