BAKI, 5 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Azərbaycana 980 mindən çox xarici vətəndaş səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son dövrlərdə baş verən yeni geosiyasi çağırışlar turizm bazarında da öz təsirini göstərib. Lakin bəzi istiqamətlər üzrə ciddi artım müşahidə olunub. Belə ki, Körfəz, bəzi Asiya və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayı ötən illə müqayisədə 1,3 dəfə artıb.

“Rusiyadan gələn turistlərin sayında 9 faiz azalma qeydə alınıb ki, bu da uçuşların sayının azalması ilə bağlıdır. Hindistandan gələn turistlərin sayında isə 26 faiz azalma müşahidə olunur, bu da müəyyən dəyişikliklərlə əlaqədardır,” – deyə K.Quluzadə qeyd edib.

K.Quluzadə bildirib ki, Azərbaycan turizm bazarının coğrafiyasını genişləndirib və turizm sənayesi yeni çağırışlara hazırdır. Bu isə gələcəkdə turist sayında daha böyük artımlara səbəb olacaq.