BAKI, 30 may. TELEQRAF
"Azərbaycanın milli mətbəxinin beynəlxalq miqyasda tanıdılması və ölkəmizin regionda qastronomiya mərkəzinə çevrilməsi əsas strateji məqsədlərimizdən biridir".
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Azərbaycanın qastroturizm perspektivləri" mövzusunda keçirilən media təqdimatında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
O qeyd edib ki, bu istiqamətdə yerli səviyyədə təşkil olunan yarışların regional miqyasda keçirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
"Eyni zamanda, qastronomiya sahəsində nüfuzlu mütəxəssislərin və sahə liderlərinin regionlara səfərləri təşkil ediləcək. Bununla yanaşı, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın milli mətbəxi konseptual şəkildə təqdim olunacaq və ölkənin qastronomiya potensialı dünya ictimaiyyətinə tanıdılacaq”,– deyə o əlavə edib.