
QUSAR. 4 mart. TELEQRAF
Avrasiya Dağ Kurortları Alyansının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda Avrasiya Dağ Turizm Forumu təşkil olunub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə ölkə rəhbərliyinin tapşırığına əsasən Dövlət Turizm Agentliyi tərəfindən son dövrlərdə Azərbaycanda qış və dağ turizminin, eləcə də qış idman növlərinin inkişafı, beynəlxalq qış idman tədbirlərinin ölkəmizdə təşkili baxımından bir sıra mühüm addımlar atıldığını qeyd edib.
O, həyata keçirilən işlərin nəticəsində mövcud infrastrukturun təkmilləşdirildiyini, yeni salınan və genişləndirilən ərazilərdə standartlara cavab verən infrastrukturun yaradıldığını, Qış İdman Növləri Federasiyası tərəfindən beynəlxalq idman təşkilatları və federasiyaları ilə birgə fəaliyyətlərin təşkil edildiyi bildirib. Kənan Quluzadə forumun təkcə Azərbaycanda deyil, Alyansa daxil olan ölkələrin turizm sektorunun inkişafı, regional əməkdaşlığın gücləndirilməsi, yeni marşrutların və innovativ turizm modellərinin formalaşdırılması baxımından geniş imkanlar yaradacağını vurğulayıb.
Dağ kurortlarının modernləşdirilməsi, yeni investisiya imkanlarının yaradılması və dayanıqlı inkişafın təmin edilməsi baxımından forumun böyük əhəmiyyət kəsb etdiyini deyən Avrasiya Dağ Kurortları Alyansının Baş katibi Andrey Kukuşkin bu sahənin tərəqqisi üçün müasir strategiyaların işlənib hazırlanmasının vacibliyini bildirib. O, müasir strategiyaların hazırlanmasının mühümlüyünü qeyd edərək Alyans üzvləri ilə əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin reallaşdırılmasının qış-dağ turizminin inkişafına və onun ÜDM-də payının artırılmasına əhəmiyyətli töhfə verəcəyini bildirib. Baş katib hər il turizm sahəsinin aparıcı mütəxəssisləri, dövlət turizm qurumları və beynəlxalq təşkilatların iştirakı ilə Avrasiya Dağ Turizmi Forumunun (EMTF) təşkil ediləcəyini qeyd edib.
“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Avrasiya Dağ Turizmi Forumunun birliyin inkişafı, əlaqələrin genişləndirilməsi, regionlarımız və kurortlar arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, “Şahdağ”ın Avrasiya Dağ Kurortları Alyansına və Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına üzv olmasının geniş işbirliyinin yaradılmasında və turist cəlbediciliyinin artırılmasında müsbət rol oynadığını vurğulayıb. Son illərdə “Şahdağ”ın beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrildiyini bildirən Rüstəm Nəcəfov bu istiqamətdə Alyans üzvləri ilə idman sahəsində sıx əməkdaşlığın genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
Qeyd edək ki, martın 6-na kimi davam edəcək Forumda Alyansın 2025-2026-cı ilə dair fəaliyyət planı, dağ turizminin inkişafı və turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili, Alyans ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, təşkilatın inkişafında vahid standartın yaradılması, qış turizminin inkişafında dövlət dəstəyinin təşkili, həmçinin Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılmasına dair məsələlər və layihələr müzakirə olunacaq.
Forum çərçivəsində Alyans ölkələrinin nümayəndələri arasında xizək yarışı və milli mətbəx festivalı təşkil ediləcək.