
BAKI, 22 fevral. TELEQRAF
ReAl Partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr getsə də, proses “ölü nöqtə”dən tərpənmir? Məsələni vakuumda saxlayan nədir?
- Zəngəzur dəhlizi ətrafında artan müzakirələr fonunda Ermənistanın narahatlığı daha çox özünü göstərir. Sözsüz ki, dəhlizin açılması heç də Azərbaycan və Ermənistanla bağlı deyil. Bu məsələdə əsas problem Ermənistanla Rusiya arasındadır. Dəhlizə kimin, necə nəzarət edəcəyi ilə bağlı məsələlər Ermənistanda kifayət qədər ciddi mübahisələr yaradır. Bu, Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olur. Rəsmi Moskva hələ də 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanata istinad edir. Dəhlizə Rusiya tərəfindən nəzarətin həyata keçiriləcəyi, təhlükəsizliyi məsələsi önə çəkilir. Ermənistan isə buna razı deyil. Onlar dəhlizin öz nəzarətində açılmasını istəyirlər. Beləliklə, proses özü-özünü bloklamış olur.
- Azərbaycan Zəngəzurla bağlı məsələninin sülh danışıqlarından ayrı müzakirəsini təklif edib. Dəhlizlə bağlı Bakının gündəmində nələr var?
- Regional kommunikasiya xəttlərinin və Zəngəzur dəhlizi mövzusunun sülh danışıqlarından ayrıca bir məsələ kimi müzakirə ediləcəyi rəsmi Bakının mövqeyi kimi bəyan edilib. Azərbaycan bununla sülh danışıqlarında maraqlı olduğunu göstərib. Bu dəhlizin və kommunikasiya xəttlərinin açılması məsələsini bir kənara qoyub, sülh danışıqlarında irəliləmək niyyəti ilə bağlıdır.
- Kommunikasiya xəttləri üzərində Rusiya-Ermənistan gərginliyinə Azərbaycanın münasibəti necədir?
- Azərbaycan mövzunu danışıqlardan çıxartmaqla əslində, Ermənistana və Rusiyaya "problemləri öz aranızda həll edin" mesajını verib. Rəsmi Bakı Zəngəzur dəhlizinə paralel olan yolun açılması ilə bağlı İranla intensiv danışıqlar aparır. 5 km-lik fərqlə İran ərazisində 43-44 km-lik yolun çəkilişi sürətlənib. Bu alternativlərlə Azərbaycan asılılıqdan qurtarmaq istəyir.
- Söhbət yüklərin və sərnişinlərin Azərbaycandan-Azərbaycana daşınmasından gedirsə, buna aid beynəlxalq mexanizmlər nədən ibarətdir?
- Son dövrlər Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfindən verilən müəyyən açıqlamalar onların prosesə bir qədər yumşaq yanaşdığını göstərir. Görünür, "Azərbaycandan-Azərbaycana" prinsipi başlıca şərt kimi artıq qəbul edilir. Naxçıvana gedəcək yüklərin və sərnişinlərin heç bir yoxlama olmadan Zəngəzurdan keçirilməsi demək olar ki, Ermənistan tərəfindən qəbul olunur.