BAKI, 21 fevral. TELEQRAF

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mətin bəy, Ermənistan tərəfi Azərbaycanın gözlədiyi konstitusiya dəyişikliyi ilə bağlı bəyanat verib. Gözləntilər nədən ibarətdir?

- Hər halda Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı qərarı müsbət qarşılamaq olar. Çünki Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar yer alıb. Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarında da əsas maneə kimi məhz bu amillər dayanıb. Çünki Ermənistan konstitusiyasının preambula hissəsindəki müddəalar müstəqillik bəyannaməsinə istinad edir. Ona görə də Ermənistan konstitusiyasının dəyişdirilməsi Azərbaycan tərəfindən haqlı olaraq gündəmə gətirilib. Əgər, Ermənistan bu gün referenduma gedib, konstitusiyasında Azərbaycanın gözlədiyi dəyişiklikləri edərsə, bu iki ölkə arasında davamlı sülhə töhfə vermiş olar.

- İrəvan rəsmi Bakının təzyiqləri fonunda referendum qərarı verir məntiqini necə əsaslandırmaq olar?

- Azərbaycan Cənubi Qafqazın lider dövləti, aparıcı gücüdür. Qalib tərəf olaraq, rəsmi Bakı Ermənistanla aparılan danışıqlar prosesində üstün mövqedədir. Bu üstünlükdən Azərbaycan yeni müharibə, münaqişə yaratmaq, hərbi eskalasiya üçün istifadə etməyib. Bakının belə bir niyyətinin olmadığı da bəyan edilib. Ermənistanda başa düşürlər ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmayacaqsa, bu artıq yeni münaqişənin, müharibənin yaranması ehtimalını artıracaq. Sülhün əldə olunmaması yeni münaqişə deməkdir. Rasional düşünən insanlar dərk edirlər ki, yeni müharibə Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq. Regionda və qlobal miqyasda dəyişikliklər fonunda ehtimal olunan bütün variantların baş verməsi istisna edilmir. Bu baxımdan Ermənistan hökuməti yeni yaranmış geosiyasi realıqları nəzərə almalıdır.

- Ermənistanın yeni konstitusiya layihəsində tarixən bu ölkədə yaşamış azərbaycanlılarla bağlı hansısa müddəanın olması ehtimalını necə dəyərləndirirsiniz?

- Yeni konstitusiya layihəsində erməni tərəfinin vaxtilə orada yaşamış azərbaycanlılarla bağlı hansısa məsələni daxil etməsi ehtimalı azdır. Qərbi azərbaycanlılarla bağlı Ermənistan konstitusiyasında hansısa müddəanın yer alması gözlənilmir. Amma ümumi olaraq, etnik azlıqlar, onların hüquqları ilə bağlı Ermənistanın yeni konstitusiyasında hansısa məsələlər göstərilə bilər. Bu gün dünyada monoetnik dövlət kimi tanınan Ermənistan etnik azlıqlara olan yanaşması hər kəs bəllidir. Bu ölkədə bir nəfər azərbaycanlı yaşamır. Ona görə də Ermənistanda bu məsələlərin qaldırılmasının praktiki əhəmiyyəti yoxdur.