BAKI, 20 fevral. TELEQRAF

"Ermənistanın Baş naziri Nikol Paşinyanın xalqa ölkə konstitusiyanın dəyişdirilməsi ilə bağlı müraciəti heç də təsadüfi deyil. Əslində onun “real Ermənistan” “ideyası”nın böyük bir hissəsi bu günə qədər Azərbaycan tərəfindən səslənən fikirlərin təsdiqidir. O deyir ki, “ermənilər icma olub, dövlətçilik təfəkkürü olmayıb, icmadan qopub dövlət yaratmalıyıq. Vətən sözü dövlət sözü ilə assosiasiya olunmalıdır”.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan tərəfi ermənilərin dini icma olduğunu, dövlətçilik ənənələrinin olmadığını, kilsənin Ermənistan cəmiyyətini idarə etdiyini, xarici siyasətini müəyyənləşdirdiyini dəfələrlə bəyan edib:

“Əgər erməni cəmiyyəti Paşinyanın bu fikirlərini mənimsəyərsə, doğurdan da, Ermənistan dövləti qurula bilər. Beləliklə, bu ölkə terror təşkilatı olmaq statusundan çıxmaq şansı əldə edər. Paşinyan bildirir ki, “bu günə qədər qəbul edilmiş Ermənistan konstitusiyaları legitim olmayıb”. 1918-ci ildə yaranmış Ararat respublikası dövründə onlar natamam konstitusiya yaratmışdılar. Sovet dövründə isə konstitusiya onlara kənardan diqtə edilib”.

Hikmət Babaoğlu hesab edir ki, Paşinyan bu fikirləri dediyi halda digər məsələni unudur:

“İrəli sürülən “konsepsiyada” Ermənistan ərazisi 29.8 min kvadrat kilometr olduğu iddia edilir. Bu “real Ermənistan” kimi təqdim olunur. Bu doğru deyil. Ermənistanın real ərazisi 9 min kv.kmdir. Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il mayın 29-da verdiyi bəyanatda Ermənistan ərazisi 9 min kv.km göstərilib. Ona görə də “real Ermənistan” istəyirlərsə, Paşinyan məhz bu tarixi faktları erməni cəmiyyətinə açıq şəkildə deməlidir”.

“Ermənistanda referendum keçirilib, yeni konstitusiya qəbul ediləcəksə, burada bir sıra vacib şərtlərə əməl olunmalıdır. Vaxtilə 9 min kv.km-lik ərazidə məhz azərbaycanlılar və ermənilər tərəfindən ortaq dövlət qurulub. Azərbaycanlılar orada qurucudur və o dövlətə şərikdir. Həmin dövləti quranların 300 minlik nümayəndəsi (Qərbi Azərbaycanlılar) 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinə məruz qalıb. Bu gün də onlar öz vətənlərinə qayıtmaq istəyir. Ermənistanın qəbul edilən konstitusiyası o vaxt legitim ola bilər ki, azərbaycanlılar da o referendumda iştirak etsin. Paşinyan yeni layihədə buna toxunur. O qeyd edir ki, Ermənistan vətəndaşları, Ermənistanda yaşayan ermənilər və digər xalqların nümayəndələridir. Amma bu gün faktiki olaraq Ermənistanda digər xalqların nümayəndələri yoxdur. Onun digər xalq nümayəndəsi dediyi qərbi azərbaycanlılardır. Bu amillər nəzərə alınsa, “real Ermənistan”ı qurmaq olar. Əks təqdirdə, “real Ermənistan”ı qurmaq onlara nəsib olmayacaq”, - deputat bildirib.