
BAKI, 21 fevral. TELEQRAF
"Çoxtərəfliliyə və Helsinki Yekun Aktına əsaslanan təhlükəsizlik qaydalarımız ciddi təhdid altındadır".
Teleqraf xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının fevralın 21-də Vyanada keçirilən qış sessiyasında qurumun İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
O qeyd edib ki, hərəkətsizlik seçim deyil: "Çoxtərəfliliyin aşınması təkcə nəzəri bir məsələ deyil, diplomatiya və beynəlxalq münasibətlər üçün geri dönməz nəticələr doğura biləcək mövcudluğumuzun qorunması ilə bağlı bir çağırışdır.
Geosiyasi qarşıdurma yalnız birgə təhlükəsizliyi təhlükə altına atmır, eyni zamanda beynəlxalq və regional təşkilatların etibarlılığını da sarsıdır".
A.Quliyev vurğulayıb ki, Azərbaycan Helsinki Yekun Aktının əsas prinsiplərinin pozulmasının nəticələrini birbaşa yaşamış bir ölkədir: "Buna görə də biz suverenliyin, ərazi bütövlüyünün və dövlətlərin siyasi müstəqilliyinin tam və qeyd-şərtsiz şəkildə hörmət olunmasını tələb etməkdə qətiyyətliyik.
Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd etdiyimiz bir vaxtda bu prinsiplərin yenidən təsdiqlənməsi hər zamankından daha vacibdir.
Bu sahədə hər hansı bir güzəşt Avropa təhlükəsizliyini zəiflədir və sabitliyi pozmağa çalışan qüvvələri daha da cəsarətləndirir.
Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan bölünməz təhlükəsizlik prinsipini dəstəkləyir".
Deputat diqqətə çatdırıb ki, bir dövlət öz təhlükəsizliyini və milli maraqlarını digərlərinin, xüsusilə siyasi-hərbi alyanslara daxil olmayan ölkələrin hesabına təmin etmək hüququna malik deyil: "Eyni zamanda, bizim təcrübəmiz göstərir ki, regional məsələlərin həllində əsas prinsip dövlətlərarası münasibətlər olmalıdır. Xarici oyunçular isə birtərəfli addımlardan çəkinməlidirlər, çünki bu, qeyri-sabitliyə səbəb olur. Bu gün verdiyimiz qərarlar ATƏT-in gələcəyini formalaşdıracaq və onun tarixdəki rolunu müəyyən edəcək".
Onun fikrincə, mövcud vəziyyət təşkilatın lazımi qiymətləndirmələr aparmasını və islahatlara ehtiyac duyduğunu göstərir: "Bu, struktur çərçivəsinin təkmilləşdirilməsi və resursların daha effektiv istifadəsi yolu ilə təşkilatın uyğunlaşmasını və aktuallığını qoruyub saxlamasını tələb edir.
Keçmiş münaqişələrdən dərs çıxarmaq, münaqişələrin həllindəki uğursuzluqların səbəblərini müəyyən etmək və effektivliyi, şəffaflığı artırmaq qarşılaşdığımız çağırışlara həll tapmaq üçün əsasdır.
Yalnız bu cür yanaşma çoxtərəfliliyin möhkəmlənməsinə və bütün iştirakçı dövlətlərin təhlükəsizliyinin qorunmasına töhfə verə bilər.
Əgər bu institutun əsaslarının dağılmasına imkan versək, təkcə dövlətlərimizin təhlükəsizliyini deyil, gələcək nəsillərin rifahını da riskə atmış olarıq.
Gəlin, aydınlıq, qətiyyət və birliklə hərəkət edək. ATƏT sabitlik və əməkdaşlıq üçün güclü və qərəzsiz bir qüvvə olaraq qalmalıdır".