Xocalı, 19 fevral. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Teleqraf dövlət başçısının Ballıca kənd sakinləri ilə səmimi söhbətini təqdim edir.

Sakin: Xoş gəlmisiniz, möhtərəm Prezident. Mən yazdığım bir şeirlə xalqa fikrimi çatdırmaq istəyirəm, icazə versəniz.

Prezident İlham Əliyev: Buyurun.

Sakin:

Ey uca millətim, uca dövlətim,

Ucalsın bayrağın uca dağ kimi.

Sönməsin ocağın, sönməsin odun,

Rəbbin yandırdığı bir çıraq kimi.

Açılsın sabahın, gülsün millətin,

Qalmasın möhnətin, dərdin, zülmətin.

Xalqa məlhəm olsun gücün, qüdrətin,

Xəstəyə can verən bir loğman kimi.

İlhamam, adına qurbanam özüm,

Haqqını itirsəm, kor olsun gözüm,

Türkün birliyinə yar olsun sözüm,

Torpağa can verən bir bulaq kimi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Çox sağ olun. Yenə minnətdarıq. Çox sağ olun, hər birimiz minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Oğlunuz şəhid olub?

Qadın sakin: 1992-ci ildə.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bir şəhid ailəsi kimi sənə təşəkkürümü bildirirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də ki, Vətən müharibəsi şəhidlərinin qanını biz döyüş meydanında aldıq, onların qisasını aldıq və ədaləti bərpa etdik. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Qadın sakin: Onun qəbrini ki, gördüm, çox sağ olun. Nənən sənə qurban olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, Siz Ballıca kəndinə xoş gəlmisiniz. Cənab Prezident, ermənilərin ən böyük terror dəstələri Ballıca kəndində məskunlaşmış və buradan öz çirkin əməllərini həyata keçirməyə çalışmışlar. Bu gün Bakı həbsxanalarında özlərini quzu kimi aparan erməni cəlladları, sözün həqiqi mənasında, xalq arasında deyildiyi kimi, Ballıca kəndində at oynatmışlar. Sizin böyük siyasətinizin nəticəsində xalqımız, camaatımız bu gün Sizinlə görüşə Ballıca kəndinə gəlmişdir və bu görüş bizim arzuladığımız görüşdür. Bu görüşə görə Sizə minnətdarlığımızı, təşəkkürümü bildirirəm.

Cənab Prezident, Qarabağla bağlı Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir, Sizin göstərişinizlə Ballıca kəndində həyat qaynayır. Necə deyərlər, biz vətənimizə, torpağımıza gələndən sonra ilk olaraq şəhidlərimizin döyüşdüyü yerləri, əsgərlərimizin erməni quldurlarına qan uddurduqları yerləri və böyüklərimizin, ulularımızın uyuduğu məkanları ziyarət etmişik. Bu ziyarətləri bizə Siz, cənab İlham Əliyev bəxş etmişdir. Ona görə biz Sizə öz təşəkkürümüzü bildiririk. Sizə sonsuza qədər təşəkkür etsəm azdır. Əllərimi uca göylərə açaraq söyləyirəm: “Tanrı Sizi qorusun!”. “Tanrı ailənizi qorusun!”. “Tanrı xalqımızı qorusun!”.

Sakinlər: Amin!

Sakin: Sağ olun. Nə yaxşı ki, Siz varsınız. Sizə bizim böyük ehtiyacımız vardır. Sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Necə yaşayırsınız burada? Hər şey yaxşıdır?

Sakinlər: Xoş gəlmisiniz. Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır.

Prezident İlham Əliyev: Çox sağ olun. Maşallah sənin də yumruğun yaxşıdır.

Kişi sakin: Cənab Prezident, çox sağ olun. Var olun ki, o əmri verdiniz, o “dəmir yumruq”la onların başını əzdik. Minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə minnətdaram. Sizin kimi oğullar hesabına torpaqlarımızı düşməndən azad etdik.

Kişi sakin: Borcumuzdur, cənab Prezident.

Qadın sakin: Hörmətli Prezidentimiz, Siz Ballıca kəndinə çox xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü günü bizə yaşatdığınız üçün Sizə çox-çox təşəkkürümü bildirirəm. Allah sizləri qorusun.

Prezident İlham Əliyev: Sağ olun, sizi bir daha təbrik edirəm.